Tramp: Netanyahu-ya qarşı məhkəmə “ədalətsizdir”
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Sionist rejimin baş naziri Benyamin Netanyahu-nun korrupsiya ittihamları ilə bağlı məhkəmə prosesinə müdaxilə etməyi planlaşdırır.
Tramp “CBS” telekanalına müsahibəsində deyib:
“Bir az qarışacağam, çünki Netanyahu ilə bağlı baş verənlər tamamilə ədalətsizdir.”
O, Netanyahunun bəzi davranışlarının xoşuna gəlmədiyini desə də, onunla “uyğun əməkdaşlıq” apardığını və bəzən təzyiq göstərdiyini bildirib.
Tramp Qəzzada atəşkəsin “sabit və davamlı” olduğunu, baxmayaraq ki, ciddi çətinliklərlə üzləşdiyini qeyd edib.
ABŞ nüvə sınaqlarına hazırlaşır
Tramp müsahibəsində bildirib ki, ABŞ yaxın zamanda nüvə sınaqları keçirməyi planlaşdırır. Onun sözlərinə görə, Rusiya və Çin gizli şəkildə nüvə sınaqları aparır və Vaşinqtonun buna səssiz qalmağa ixtiyarı yoxdur:
“Mən istəmirəm ki, Amerika dünyada yeganə nüvə sınağı keçirməyən ölkə olsun.”
Tramp əlavə edib ki, hazırda planetdə mövcud nüvə arsenalı “dünyanı 150 dəfə partlatmaq” üçün kifayətdir. Buna baxmayaraq, o, qlobal silahsızlanmanın vacibliyini vurğulayıb.
Maduro və Nigeriya ilə bağlı sərt açıqlamalar
ABŞ Prezidenti Venesuela rəhbəri Nikolas Maduronun “hakimiyyətdə günlərinin sayıldığını” söyləyib, lakin ölkəyə qarşı hərbi əməliyyat istisna etdiyini bildirib.
O, Nigeriya barədə də bəyanat verərək, “xristianlara qarşı zorakılıqlar davam edərsə”, ABŞ-ın bu ölkəyə quru və ya hava əməliyyatı ilə müdaxilə edə biləcəyini qeyd edib.
Tramp dünən Pentaqona “mümkün hərbi müdaxiləyə hazır olmağı” tapşırıb.
“Ərəbistan Əbraham sazişlərinə qoşulacaq”
Tramp müsahibəsində Yaxın Şərqlə bağlı da mühüm açıqlamalar verib. O, “Əbraham sazişləri”nin əhatəsini genişləndirərək Səudiyyə Ərəbistanını da prosesə cəlb etmək istədiyini bildirib:
“Əminəm ki, vəliəhd şahzadə Məhəmməd bin Salman bu razılaşmaya qoşulacaq.”
Tramp həmçinin Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılması üçün “iki dövlətli həll” şərtini irəli sürməyəcəyinə inandığını söyləyib.
Ukrayna və Çinlə bağlı mövqeyi
Tramp Ukrayna məsələsində də əvvəlki ritorikasını qoruyub. O, Rusiyanın Ukraynaya qarşı müharibəsini “tezliklə bitirəcəyinə” inandığını bildirib, lakin Kiyevə “Tomahawk” tipli raketlərin verilməsini istisna edib.
Çinlə münasibətlərə toxunan Tramp qeyd edib ki, “iki ölkə arasında yaxşı razılaşma əldə olunub”, həm Çin lideri Si Cinpin, həm də Rusiya Prezidenti Vladimir Putini “çox güclü və təsirli liderlər” adlandırıb.
