Tramp: HƏMAS Silahsızlanmasa, İsrailə Döyüşü Bərpa Etməyə İcazə Verərəm

2 Dəq Oxuma Müddəti

Tramp: “İsrailin döyüşə qayıtması bir kəlməmə baxır”

ABŞ Prezidenti Donald Tramp CNN telekanalına açıqlamasında bildirib ki, HƏMAS hərəkatı silahsızlanmaqdan imtina edərsə, İsrail ordusunun Qəzza zolağında döyüş əməliyyatlarını bərpa etməsinə icazə verə bilər.

Tramp telefonla verdiyi qısa müsahibədə sual-cavab zamanı belə deyib: “Əgər HƏMAS silahlarını təhvil verməzsə, mənim bir kəlməm kifayətdir ki, İsrail həmin küçələrə geri dönsün”.

O, qeyd edib ki, Qəzzada sükunətin qorunması və atəşkəsin davamı HƏMAS-ın razılaşma üzrə bütün öhdəliklərini yerinə yetirməsindən asılıdır. “Bu məsələ sadəcə sülh istəklərindən deyil, öhdəliklərin icrasından ibarətdir,” – Tramp vurğulayıb.

Qəzzada atəşkəs pozuntuları davam edir

Trampın bu açıqlaması İsrail ordusunun atəşkəs rejimini dəfələrlə pozduğu bir vaxtda səsləndirilib. Qəzzə İnsan Hüquqları Mərkəzinin məlumatına görə, son günlərdə İsrail ordusu atəşkəsin qüvvəyə minməsindən sonra 36 pozuntuya yol verib.

Mərkəzin hesabatında bildirilir ki, bu hücumlar nəticəsində 7 mülki şəxs şəhid olub, bir neçə nəfər isə yaralanıb. Hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti Qəzzada atəşkəsin təmininə real nəzarət mexanizmləri yaratmağa çağırıblar.

Analitiklər: Trampın bəyanatı regionda gərginliyi artıra bilər

Siyasi müşahidəçilər hesab edirlər ki, Trampın bəyanatı Qəzza və İsrail arasında kövrək atəşkəsi təhlükə altına sala bilər. Ekspertlərə görə, ABŞ-ın bu cür mövqeyi Təl-Əvivi atəşkəsi pozmağa daha çox təşviq edə və bölgədə humanitar böhranın dərinləşməsinə gətirib çıxara bilər.

Hazırda Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq vasitəçilər tərəfləri razılaşmaya əməl etməyə çağırır, Qəzzada sabitliyin bərpası üçün diplomatik səyləri davam etdirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş