ABŞ-dan yeni əməliyyat siqnalı
ABŞ prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində ölkəsinin yaxın zamanda quru zərbələrinə başlayacağını bəyan edib. Trampın sözlərinə görə, bu əməliyyatlar konkret şəxsləri hədəf alacaq və yalnız Venesuela ərazisi ilə məhdudlaşmayacaq. O, mümkün hədəflər sırasında Kolumbiyanın da adını çəkərək bu ölkə ilə bağlı ciddi iddialar irəli sürüb.
Tramp yeni açıqlamalarında bildirib ki, ABŞ-ın Venesuelaya məxsus neft aktivləri ilə bağlı planlarını açıqlaması məqsədəuyğun deyil. Onun fikrincə, bu məsələdə daha ehtiyatlı davranmaq lazımdır. Prezident bu ifadələri ilə Vaşinqtonun regiondakı iqtisadi və strateji maraqlarının davam etdiyini də dolayısı ilə etiraf etmiş olub.
“Narkotik qaçaqmalçılığına görünməmiş zərbə”
ABŞ prezidenti iddia edib ki, onun administrasiyası narkotik qaçaqmalçılığına qarşı mübarizədə indiyədək görünməmiş nəticələr əldə edib. Trampın sözlərinə görə, dəniz yolu ilə ABŞ-a daşınan narkotiklərin təxminən 96 faizi zərərsizləşdirilib. O, bunu “böyük nailiyyət” adlandıraraq, bu tədbirlərin 25 min amerikalının həyatını xilas etdiyini irəli sürüb.
Bununla yanaşı, Tramp qeyd edib ki, narkotik qaçaqmalçılarına qarşı əməliyyatlar yalnız dənizlə məhdudlaşmayacaq. Onun sözlərinə görə, yaxın dövrdə quru əməliyyatları da başlanacaq və bu mərhələdə konkret şəxslər birbaşa hədəf seçiləcək.
Kolumbiya ilə bağlı ittihamlar
Tramp çıxışında Kolumbiya ilə bağlı da diqqətçəkən iddialar səsləndirib. O, Kolumbiyanın ərazisində ən azı üç kokain istehsal edən fabrikin fəaliyyət göstərdiyini iddia edib və bundan narazılığını ifadə edib. ABŞ prezidentinin bu açıqlamaları regionda yeni siyasi gərginliklərin yaranacağı ehtimalını artırıb.
Venesueladan sərt reaksiya
Donald Trampın narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında atdığı addımlar Venesuela tərəfindən qəti şəkildə tənqid olunur. Rəsmi Karakas bildirir ki, ABŞ-ın artan təzyiqlərinin əsas məqsədi ölkənin təbii sərvətlərini, xüsusilə də neft ehtiyatlarını ələ keçirmək və hakimiyyəti dəyişməkdir.
Son dövrlərdə ABŞ-ın Venesuelaya məxsus neft tankerini ələ keçirməsi bu iddiaların əsas sübutu kimi göstərilir. Hadisədən sonra Venesuela prezidenti Nikolas Maduro sərt bəyanatla çıxış edərək bildirib: “Maska düşdü. Məsələ narkotik qaçaqmalçılığı deyil, onların oğurlamaq istədiyi neftdir”.
Ekspertlər hesab edirlər ki, Tramp administrasiyasının bu açıqlamaları Latın Amerikasında siyasi və təhlükəsizlik balansını daha da gərginləşdirə bilər.
