İngiltərənin The Guardian qəzeti yazır ki, ABŞ Prezidenti Donald Tramp hələlik İrana qarşı hücum planından geri çəkilib. Xəbərdə Trampın bu qərarında Türkiyə və Körfəz ölkələrinin təsirli olduğu qeyd edilir.
İranda 28 dekabrda başlayan etirazlar 19-cu günündə davam edərkən, aksiyalar zamanı həlak olanların sayının 3 minə yaxınlaşdığı bildirilir. Etirazçılara qarşı “ölümcül güc” tətbiq ediləcəyi təqdirdə İrana müdaxilə edə biləcəyini tez-tez dilə gətirən ABŞ Prezidenti Donald Trampın, hazırda mümkün hərbi hücumdan imtina etmiş kimi göründüyü qiymətləndirilir.
TÜRKİYƏ VƏ KÖRFƏZ ÖLKƏLƏRİNDƏN “XAOS” XƏBƏRDARLIĞI
The Guardianın məlumatına görə, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman Vaşinqtonu xəbərdar edərək, ABŞ-ın İrana qarşı mümkün hava hücumunun Yaxın Şərqdə genişmiqyaslı və nəzarətdən çıxması çətin olan bir münaqişəyə yol aça biləcəyini bildiriblər.
Xəbərdə qeyd olunur ki, bu ölkələr son anda intensiv diplomatik təmaslar apararaq Prezident Donald Trampa İrana qarşı hava zərbələrinə başlamamaq çağırışı ediblər.
TRAMP HƏRBİ ƏMƏLİYYATDAN HƏLƏLİK VAZ KEÇDİ
The Guardianın yazdığına görə, ABŞ-ın müttəfiqi olan ölkələrdən gələn “xaos” xəbərdarlıqları Trampı çərşənbə gecəsi planlaşdırılan hərbi əməliyyatdan ən azı müvəqqəti olaraq imtina etməyə razı salıb.
Bu prosesdə Səudiyyə Ərəbistanının ehtiyatlı mövqe tutduğu, ABŞ-ın mümkün hücum üçün Səudiyyə hava məkanından istifadəsinə icazə vermədiyi də bildirilir.
REGİONAL DİPLOMATİK TƏMASLAR SÜRƏTLƏNDİ
Diplomatik təmasların davam etdiyi bu dövrdə Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri şahzadə Feysəl bin Fərhan cümə axşamı İran, Oman və Türkiyədəki həmkarları ilə telefon danışığı aparıb.
XARİCİ İŞLƏR NAZİRİ HAKAN FİDANDAN DİALOQ ÇAĞIRIŞI
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan dünən verdiyi açıqlamada ABŞ ilə İran arasında dialoq yoluna üstünlük verilməli olduğunu vurğulayaraq belə deyib:
“Ümid edirəm ki, ABŞ və İran bu problemi vasitəçilər, digər aktorlar və ya birbaşa dialoq yolu ilə öz aralarında həll edərlər. Hadisələri yaxından izləyirik.”
ABŞ QƏTƏRDƏKİ BAZADAN HEYƏT ÇIXARMIŞDI
ABŞ-ın bölgədəki ən böyük hərbi bazası olan Əl-Udeyd Hava Bazəsinin Qətərdə yerləşdiyi xatırladılaraq, gərginliyin çərşənbə günü artması fonunda ABŞ-ın bazadan əsas heyətini geri çəkdiyi bildirilib.
Beynəlxalq mediada yer alan xəbərlərə görə, gərginliyin bir qədər azalmasından sonra ABŞ personalının yenidən bazaya qayıda biləcəyi ehtimal olunur.
