Hesabat: İsrail ABŞ və müttəfiqlərinin fəaliyyətini qeydə alır
Britaniyanın “The Guardian” nəşrinin məlumatına görə, İsrail qüvvələri ABŞ və müttəfiq dövlətlərin cənub bölgəsindəki yeni komanda mərkəzində – Mülki-Hərbi Koordinasiya Mərkəzində (CMCC) – hərbi heyət və diplomatların görüşlərini geniş şəkildə izləyir. Kiryat Gat sənaye zonasında yerləşən mərkəz Qəzza sərhədindən təxminən 20 kilometr məsafədədir.
Məlumata əsasən, İsrail tərəfi mərkəzdə keçirilən iclas və danışıqları həm gizli, həm də açıq şəkildə qeydə alır. Bu fəaliyyətlər ABŞ komandanlığının ciddi narahatlığına səbəb olub.
ABŞ generalının etirazı
Nəşrin yazdığına görə, bazanın amerikalı komandanı, general-leytenant Patrik Frenk, israilli həmkarını görüşə çağıraraq “burada qeydəalma dayandırılmalıdır” mesajını verib. Həm ABŞ heyəti, həm də digər ölkələrdən CMCC-ni ziyarət edən nümayəndələr, məlumatların qeydə alınaraq sui-istifadə edilə biləcəyindən ehtiyatlandıqlarını bildiriblər.
Bəzi əməkdaşlar hətta həssas məlumatların paylaşılmamasına dair xəbərdar edilib.
ABŞ ordusu media sorğularını cavabsız qoyub. İsrail ordusu isə ittihamları rədd edərək, aparılan qeydlərin “şəffaf və razılaşdırılmış” şəkildə aparılan sadə sənədləşdirmə olduğunu iddia edib.
CMCC-nin funksiyası və mübahisəli quruluşu
CMCC ötən ilin oktyabrında İsrail ilə Həmas arasındakı atəşkəsin icrasını izləmək üçün yaradılıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu mərkəzi Qəzza üçün əsas koordinasiya məntəqəsi hesab edir. Burada həm Qəzzadakı vəziyyətin real vaxtda qiymətləndirilməsi, həm də bölgənin gələcək planlaşdırılması aparılır.
Mərkəz ABŞ, İsrail, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərindən olan hərbi planlaşdırıcıları bir araya gətirir. Mərkəzdə diplomatlar və humanitar təşkilat əməkdaşları da ziyarətçi kimi iştirak edir.
Lakin palestlinli təşkilatlar, humanitar qurumlar və Fələstin Administrasiyası CMCC-dən tamamilə kənarda saxlanılır. Hətta onlarla videobağlantı vasitəsilə əlaqə yaratmaq cəhdləri də İsrail rəsmiləri tərəfindən dəfələrlə kəsilib.
Diplomatik narahatlıqlar artır
Diplomatlar və humanitar təşkilatların nümayəndələri bildirirlər ki, CMCC-də aparılan fəaliyyətlər bir neçə ciddi narahatlıq doğurur:
-
Fələstin tərəfi danışıqlardan kənarda saxlanılır;
-
Mərkəzin fəaliyyəti beynəlxalq mandatla təsdiqlənməyib;
-
Hərbi və humanitar fəaliyyətlərin qarışdırılması beynəlxalq hüquqa zidd ola bilər;
-
Qəzzanın gələcəyi barədə qərarlar ərazi sakinlərinin iştirakı olmadan verilir.
Bu ittihamlar fonunda İsrailin mərkəzdə müşahidə və qeydəalma fəaliyyətlərini genişləndirməsi ABŞ və müttəfiqlərin etimad böhranını daha da dərinləşdirir.
