Durov: “Aİ bizdən gizli senzura tələb edir”
Populyar mesajlaşma platforması Telegram-ın qurucusu və baş icraçı direktoru Pavel Durov Avropa İttifaqını (Aİ) “azad sözə senzura tətbiq etməyən platformaları hədəf almaqda” ittiham edib. O bildirib ki, Aİ-nin texnologiya şirkətlərinə yönəltdiyi tələblər qeyri-mümkündür və onların əsas məqsədi senzura tələblərinə boyun əyməyən platformaları cəzalandırmaqdır.
Durov bu açıqlamanı milyarder iş adamı İlon Maskın 2024-cü ildə yazdığı bir paylaşımına cavab olaraq verib. Mask iddia etmişdi ki, Avropa Komissiyası X platformasına müəyyən fikirləri senzura etməsi müqabilində cərimələrdən azad edilmək üçün “gizli razılaşma” təklif edib.
Bu iddiaların fonunda, Aİ tənzimləyiciləri cümə günü X platformasına 120 milyon avro (140 milyon dollar) məbləğində cərimə kəsdilər. Komissiya bu addımı 27 üzv ölkədə qüvvədə olan Rəqəmsal Xidmətlər Aktına (DSA) əməl edilməməsi ilə izah edib.
“Tənqidçi səsləri susdurmayan platformalar hədəfdədir”
Durov şənbə günü X-də yazdığı paylaşımda qeyd edib:
“Aİ elə qaydalar tətbiq edir ki, onları yerinə yetirmək mümkün olmasın və bu yolla səssiz senzuranı qəbul etməyən şirkətləri cəzalandırsın.”
O, daha sonra əlavə edib ki, Aİ yalnız narahatlıq yaradan, rəsmi çevrələrin xoşlamadığı və tənqidçi fikirlərə yer verən platformaları — xüsusilə Telegram, X və TikTok-u — hədəf alır. Əvəzində istifadəçiləri alqoritmik şəkildə susduran digər platformaların ciddi qanunsuz məzmunla bağlı problemlərinə baxmayaraq, onlara toxunulmadığını vurğulayıb.
Fransa kəşfiyyatının Durovdən istəkləri
Durov həmçinin 2024-cü ildə Fransada saxlanılmasının siyasi motivli olduğunu bildirib. Onun sözlərinə görə, Fransa kəşfiyyat xidməti – DGSE – ondan Qəzza zolağında İsrailin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımla bağlı informasiya axınını məhdudlaşdırmağı tələb edib.
O iddia edir ki, DGSE rəhbərliyi ondan Rumıniyada keçiriləcək seçkilər öncəsi mühafizəkar səsləri “qadağan etməyi” istəyib. Bundan əlavə, Moldovadakı seçkilərlə bağlı bəzi kanalların səssizcə bağlanacağı təqdirdə, onun məhkəmə işinə kömək göstərə biləcəklərini bildirib.
Fransız rəsmiləri isə bu iddiaları rədd ediblər.
Durovun sözlərinə görə, Parisdəki həbsi və sonradan qaldırılan ittihamlar Telegram-ı siyasi senzura tətbiq etməyə məcbur etmək üçün atılmış addım idi.
DSA: Azad söz mübahisəsi böyüyür
Həm Durov, həm də Mask Aİ-nin 2023-cü ildə qüvvəyə minmiş DSA qanunu çərçivəsində təzyiqlə üzləşib. Qanun platformaları “qanunsuz məzmunu” sürətlə silməyə məcbur edir. Lakin bir çox hüquq müdafiəçiləri bildirir ki, bu mexanizm tez-tez qanuni ifadə azadlığının boğulması üçün istifadə olunur.
Texnologiya sektorunun nüfuzlu simaları isə hesab edirlər ki, Aİ siyasi baxımdan narahat və ya tənqidçi səslərə yer verən platformaları mütəmadi şəkildə cəzalandırmaqla internet azadlığını hədəfə alır.
