Tehran: “Müharibə təbillərinin səsini eşidə bilirik”

2 Dəq Oxuma Müddəti

ABŞ-nin hərbi fəallığına qarşı Tehran rəhbərliyindən “hazırlıqlıyıq” mesajı gəlib.

İran Hökumətinin sözçüsü Fatma Mühacirani keçirdiyi mətbuat konfransında xarici mediada İrana qarşı müharibə atmosferi yaradıldığını iddia edərək aşağıdakı fikirləri səsləndirib:

“Biz müharibə təhdidi şəraitində xarici mediada müharibə təbillərinin səsini eşidə bilirik. Əlbəttə, bu təhdidlə ilk dəfə qarşılaşmırıq. Daha əvvəl də çoxmərhələli bir müharibənin içində olduğumuzun fərqində idik. Prioritetimiz problemləri diplomatik yollarla həll etməkdir. Lakin digər variantlar da gündəmimizdədir. Tam hazırlıq vəziyyətindəyik.”

İrandakı internet məhdudiyyətlərinə də toxunan Mühacirani bildirib ki, Prezident Məsud Pezeşkian məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır, lakin mövcud təhlükəsizlik şəraiti həlledici rol oynayır. Sözçü internetə çıxışla bağlı belə açıqlama verib: “İş adamları və tacirlər internetə məhdud şəkildə çıxış əldə edə bilirlər. Lakin cəmiyyət hələlik bu imkandan istifadə edə bilmir.”

Ankarada qapalı iclas: İran sərhədində tampon zona ssenarisi

Bölgədə gərginliyin artması fonunda Ankaranın da müxtəlif böhran ssenariləri üzərində işlədiyi öyrənilib.

Middle East Eye nəşrinin xəbərinə görə, Xarici İşlər Nazirliyinin rəsmiləri Türkiyə Böyük Millət Məclisində millət vəkillərinə qapalı iclasda brifinq verib və bu iclasda “İranda hökumətin çökməsi” də daxil olmaqla müxtəlif ehtimallar müzakirə olunub.

İclasda iştirak edən bəzi şəxslər yeni bir miqrasiya dalğasının qarşısının alınması məqsədilə “tampon zona” yaradılmasının dəyərləndirildiyini bildiriblər. İştirakçılardan biri rəsmilərin “İran tərəfdən mümkün miqrasiyanı orada saxlamaq üçün hər şeyin edilə biləcəyini söylədiklərini” qeyd edib.

Milli Müdafiə Nazirliyi 560 kilometr uzunluğundakı İran sərhəd xəttində təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırıldığını açıqlamışdı. Sərhəd xəttində 203 elektro-optik qüllə, 43 liftli müşahidə qülləsi, 380 kilometr uzunluğunda modul beton divar və 553 kilometr xəndək xəttinin mövcud olduğu bildirilib.

Xarici İşlər naziri Hakan Fidan Türkiyənin İrana qarşı hər hansı bir hücuma müsbət yanaşmadığını vurğulayaraq, Vaşinqtonu “diplomatik kanalları işə salmağa” çağırmışdı.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş