İran XİN-dən MAQATE-yə sərt ittiham
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatlarının artıq təhlükə yaratmağa yönəlmiş siyasi narrativlərin formalaşdırılması üçün ilkin materiala çevrildiyini bildirib.
Bəqayinin sözlərinə görə, MAQATE-nin hazırladığı texniki hesabatlarla siyasi əsaslandırma və müharibə arasında təhlükəli əlaqə yaranıb.
İran rəsmisi agentliyin baş direktorunun fəaliyyətini də tənqid edərək bildirib ki, qurumun hesabatları bir dövlətə qarşı siyasi dosye hazırlanmasının əsasına çevrilməməlidir.
“Texniki nəzarətlə hərbi hücum arasındakı sərhəd silinir”
Bəqayi bildirib ki, hazırkı vəziyyətdə texniki nəzarətlə hərbi hücuma zəmin hazırlanması arasındakı sərhəd getdikcə qeyri-müəyyənləşir.
Onun fikrincə, bu tendensiya son dərəcə təhlükəlidir və beynəlxalq nüvə nəzarəti mexanizmlərinin mahiyyətinə ziddir.
İran XİN sözçüsü vurğulayıb ki, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə töhfə verməli olan bir qurum müharibə üçün bəhanə yaratmaq məqsədilə istifadə olunan mexanizmin tərkib hissəsinə çevrilməməlidir.
İranın nüvə dosyesi BMT Təhlükəsizlik Şurasına göndərildi
Bəqayinin sərt açıqlaması MAQATE İdarə Heyətinin İranın nüvə dosyesinin BMT Təhlükəsizlik Şurasına göndərilməsi barədə qərar qəbul etməsindən sonra səsləndirilib.
Qərarın İranın nüvə öhdəliklərinə guya əməl etməməsi əsaslandırması ilə qəbul edildiyi bildirilib.
Səsvermədə 23 ölkə qərarın lehinə mövqe nümayiş etdirib, 8 üzv bitərəf qalıb. Rusiya, Çin və Niger isə qərarın əleyhinə səs verib.
Tehran qərarı “siyasi və qərəzli” adlandırdı
İranın nümayəndəliyi qəbul edilən qərarın qərəzli olduğunu və siyasi motivlər daşıdığını bəyan edib.
İranın Vyanadakı nümayəndəsi Rza Nəcəfi isə ABŞ və İsrailin hücumlarından sonra yaranmış şəraitin nüvə təminatları ilə bağlı müəyyən öhdəliklərin yerinə yetirilməsini faktiki olaraq mümkünsüz etdiyini bildirib.
Nəcəfi ABŞ tərəfindən irəli sürülən qərar layihəsini siyasi təzyiq vasitəsi adlandırıb.
İran rəsmisinin sözlərinə görə, sənəddə baş verən hücumlar nəzərə alınmır və əsas məqsəd Tehrana təzyiq göstərərək onu geri çəkilməyə məcbur etməkdir.
Tehran Qərbi ikili yanaşmada günahlandırır
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də qərara sərt münasibət bildirib.
Onun sözlərinə görə, Qərb tərəfləri əvvəlcə MAQATE-nin təminatları altında olan nüvə obyektlərinə hücum edib və adi yoxlama prosesinin pozulmasına səbəb olub, daha sonra isə yaranmış vəziyyətdən İdarə Heyətində İran əleyhinə qərarın qəbul edilməsi üçün bəhanə kimi istifadə ediblər.
“Təhlükəsizlik Şurasında İran əleyhinə nəticə əldə edilməyəcək”
Qəribabadi bildirib ki, Qərb ölkələri öz siyasətlərinin uğursuzluğunu süni siyasi atmosfer yaratmaqla kompensasiya edə bilməyəcəklər.
İran rəsmisi BMT Təhlükəsizlik Şurasında Tehran əleyhinə konkret nəticənin əldə olunmasının mümkün olmayacağını da vurğulayıb.
Tehranın son açıqlamaları İranın nüvə proqramı ətrafında MAQATE və Qərb dövlətləri ilə qarşıdurmanın daha da dərinləşdiyini göstərir. İran isə agentliyin texniki mandatının siyasi və hərbi məqsədlər üçün istifadə edilməsinə qarşı olduğunu bəyan edir.
