TƏBİB Formula 1 Azərbaycan Qran-Prisi Çərçivəsində Tibbi Xidmət Göstərəcək

1 Dəq Oxuma Müddəti

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan 2025-ci il Formula 1 Azərbaycan Qran-Prisi günlərində zəruri hallarda tibbi xidmətin təşkili təmin olunacaq.

Məlumata görə, sentyabrın 18-dən 21-dək yarış ərazisində qurulacaq tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinə bağlı müəssisələrdən 28 həkim-mütəxəssis və tibb bacısı xidmət göstərəcək.

Bununla yanaşı, tibbi təminatın yüksək səviyyədə təşkili üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai və Sabunçu Tibb Mərkəzlərinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.

Yarış günlərində tibb məntəqələri müasir tibbi avadanlıqlar və dərman vasitələri ilə təchiz olunacaq. Tibb işçiləri səhər saat 08:00-dan gecə 00:00-a qədər növbəli rejimdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, TƏBİB artıq 6 ildir Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində əməkdaşlıq edərək yarışların tibbi təminatını həyata keçirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş