Saxta şəxsiyyətlə giriş qalmaqalı
İsrail rəsmiləri Ben Qurion hava limanında baş verən ciddi təhlükəsizlik pozuntusunu açıqlayıb. Bildirilib ki, bir nəfər özünü İsrailin daxili təhlükəsizlik xidməti – Şabaka aid əməkdaş kimi təqdim edərək hava limanının məxfi zonalarına daxil ola bilib.
Hadisə ilə bağlı yayılan məlumata görə, həmin şəxs saxta şəxsiyyət vəsiqələrindən istifadə edib. Onun hava limanının gizli sahələrinə sərbəst şəkildə daxil olması işğal altındakı ərazilərdə təhlükəsizlik tədbirlərinin səviyyəsi ilə bağlı ciddi suallar doğurub.
Müsafirləri sorğu-suala tutub
İsrailin “i24 News” telekanalının məlumatına görə, həmin şəxs hava limanında adi təhlükəsizlik əməkdaşı kimi hərəkət edərək sərnişinlərlə sorğu-sual da aparıb. Bu isə nəzarət sistemlərinin zəifliyini daha da aydın şəkildə üzə çıxarıb.
“Çox mürəkkəb işdir”
Məsələ ilə bağlı danışan israilli mənbələrdən biri bu işi “çox mürəkkəb və narahatedici” adlandırıb. Hazırda məsələ ilə bağlı istintaq aparılır.
Təhlükəsizlik sualları artır
Ben Qurion hava limanı İsrailin ən mühüm nəqliyyat mərkəzi və təhlükəsizlik baxımından ən ciddi qorunan obyektlərindən sayılır. Buna baxmayaraq, bir şəxsin saxta sənədlərlə gizli zonalara daxil ola bilməsi, mövcud sistemlərin etibarlılığı barədə ölkə daxilində müzakirələri gücləndirib.
Hadisə, xüsusilə regional gərginliklərin artdığı bir vaxtda, İsrail cəmiyyətində narahatlıqları daha da artırıb.