Təl-Əvivdə Netanyahuya af müraciəti etirazla qarşılandı
Təl-Əvivdə onlarca işğalçı qondarma prezident İshaq Hersoqun baş nazir Benyamin Netanyahunun korrupsiya işləri ilə bağlı əfv tələbinə müsbət cavab verməməsi üçün etiraz aksiyası keçirib. Times of Israel nəşrinin məlumatına görə, aksiya prezident Hersoqun evinin qarşısında təşkil olunub və iştirakçılar Netanyahunun məhkəmə proseslərindən yayınmaq üçün əfv istəməsini kəskin şəkildə tənqid ediblər.
“Əfv = banan respublikası” şüarı aksiyaya damğa vurdu
Etirazın əsas mövzusu “əfv = banan respublikası” şüarı olub. Aksiya iştirakçıları Netanyahuya mümkün əfv ehtimalına etiraz əlaməti olaraq üzərində “Əfv” yazılmış banan yığınının arxasında növbəyə düzülərək simvolik mesaj veriblər. Müxalifət millət vəkili Naama Lazimi də aksiyaya qatılanlar arasında olub.
Etirazçılar baş nazirin ölkədə yaranan siyasi böhranın əsas səbəbkarı olduğunu bildirən pankartlar qaldırıb və “Lider sənsən, günahkar da sənsən” kimi şüarlar səsləndiriblər.
Netanyahu və Hersoq maskalı performans
Aksiyanın diqqət çəkən məqamlarından biri də performans xarakterli etiraz idi. Etirazçılardan biri narıncı rəngli həbsxana geyimi və Netanyahu maskası taxaraq baş naziri canlandırıb. Digər etirazçı isə Hersoq maskası ilə prezident obrazını təqlid edib. Hər iki şəxs banan yeyərək “banan respublikası” ifadəsinə istinadla simvolik etiraz nümayiş etdirib.
Əfv tələbi İsrail siyasətində gərginlik yaradıb
Netanyahu bir müddət əvvəl prezidentə 14 səhifədən ibarət əfv məktubu göndərərək, barəsindəki korrupsiya işləri üzrə əfv istəyib. Prezident aparatından bildirilib ki, Hersoq müraciəti “ciddi və məsuliyyətli şəkildə” qiymətləndirəcək.
Baş nazirin əfv istəməsi İsrail siyasətində ciddi ayrışma yaradıb. İqtidara yaxın çevrələr prezidentin bu tələbi qəbul etməsinin tərəfdarı olduqlarını açıqlayır. Müxalifət isə Netanyahunun əf istəməsinin faktiki olaraq öz günahını etiraf etdiyini və prosesin ədalətli şəkildə davam etməli olduğunu bildirir.
Hazırda ölkədə ictimai-siyasi gərginlik davam edir və Hersoqun verəcəyi qərarın siyasi səhnəyə ciddi təsir göstərəcəyi gözlənilir.
