Səudiyyə Ərəbistanından Ümrə Zəvvarlarına Mühüm Yenilik: Çoxgirişli Viza Qaydaları Açıqlandı

1 Dəq Oxuma Müddəti

Bir illik çoxgirişli viza tətbiq olunur

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bildirib ki, çoxgirişli ümrə vizası verildiyi tarixdən etibarən 365 gün müddətində qüvvədə olacaq.

Bu viza sahiblərinə il ərzində ölkəyə bir neçə dəfə giriş və çıxış etmək imkanı yaradacaq.

“Nusuk” tətbiqi məcburi olacaq

Nazirlik açıqlayıb ki, hər girişdən əvvəl zəvvarlar “Nusuk” tətbiqi vasitəsilə bütün tələb olunan prosedurları tamamlamalıdır.

Bunun üçün nazirliyin təsdiqlədiyi xidmət paketlərindən biri seçilməli və rəsmi ümrə icazəsi alınmalıdır.

Ölkədə qalma müddəti məhdudlaşdırılıb

Yeni qaydalara əsasən, viza bir il qüvvədə olsa da, həmin müddət ərzində Səudiyyə Ərəbistanında ümumi qalma müddəti 90 günü keçə bilməz.

Bu müddət ölkəyə hər giriş zamanı qalınan günlərin cəmlənməsi ilə hesablanacaq. Hər çıxışdan sonra sistem istifadəçinin qalan qalma hüququnu avtomatik yeniləyəcək.

Həcc mövsümündə istifadə edilə bilməyəcək

Nazirlik çoxgirişli ümrə vizasının Həcc ziyarəti üçün istifadə olunmasının mümkün olmadığını da vurğulayıb.

Bildirilib ki, hicri təqvimi ilə 1 Zilqədə – 13 Zilhiccə tarixləri arasında bu vizaya malik şəxslərin ölkəyə girişinə icazə verilməyəcək. Zəvvarlara səfərlərini bu məhdudiyyətləri nəzərə alaraq planlaşdırmaq tövsiyə olunub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş