Yəməndə milyonluq yürüşlər keçirilib
Yəmənin paytaxtı Sənada və bir sıra digər vilayətlərdə “Fələstin xalqına dəstək – növbəti mərhələyə hazırıq” şüarı altında kütləvi yürüşlər təşkil olunub. Yürüşlərdən sonra yayımlanan rəsmi bəyanatda Yəmənin bölgədə yaşanan gərginliklər fonunda mövqeyi açıq şəkildə ifadə olunub.
Bəyanatda vurğulanıb ki, dünyada baş verən son hadisələr Yəmən xalqının tutduğu yolun düzgünlüyünü bir daha təsdiqləyir və mövcud proseslər “haqq tərəfdə olduqlarına dair inamı daha da gücləndirir”.
ABŞ və Qərbə sərt sözlər
Milyonluq yürüşlərin yekun bəyanatında ABŞ və Qərb ölkələrinə qarşı kəskin ittihamlar səsləndirilib. Sənəddə mərhum milyarder Ceffri Epşteyn ətrafında baş vermiş qalmaqal xatırladılaraq, ABŞ Prezidenti Donald Tramp və Qərb siyasi elitası “ikiüzlü və riyakar” adlandırılıb.
Bəyanatda qeyd olunub ki, bu cür hadisələr Qərb dövlətlərinin və onların regional müttəfiqlərinin “əsl mahiyyətini” üzə çıxarır və Yəmən xalqının mübarizə xəttinin haqlı olduğunu göstərir.
İran, Livan və Fələstinlə açıq həmrəylik
Sənada yayımlanan bəyanatda Yəmənin İran, Livan və Fələstinlə açıq və dəyişməz həmrəylik mövqeyi bir daha təsdiqlənib. Bildirilib ki, Yəmən bu ölkələrlə birlikdə “ABŞ və İsrailin hegemonluq siyasətinə qarşı” mübarizəni davam etdirəcək.
Xüsusilə Fələstin xalqına dəstək ayrıca vurğulanıb. Bəyanatda Yəmənin Fələstin müqaviməti ilə həm siyasi, həm də mənəvi baxımdan birlikdə olduğu qeyd edilib və bu mövqenin dəyişməyəcəyi bildirilib.
“Növbəti mərhələyə tam hazırıq” mesajı
Yürüş iştirakçılarının adından yayımlanan sənəddə Yəmənin İsrailə və onun müttəfiqlərinə qarşı növbəti qarşıdurma mərhələsinə tam hazır olduğu bəyan edilib. “Biz düşmənlərin regionumuza və ümmətimizə nəzarət etməsinə heç vaxt razı olmayacağıq”, – deyə bəyanatda vurğulanıb.
Sənəddə bu mövqedən geri çəkilməyin mümkün olmadığı, mübarizənin “torpaqlar və müqəddəs məkanlar azad edilənədək” davam edəcəyi qeyd olunub.
Ərəb və İslam dünyasına çağırış
Sənaadan yayımlanan bəyanatda ərəb və İslam dünyasına da çağırış edilib. Xalqlara “düşmənlərin təhlükəli planlarını dərk etməyə”, həm dini, həm də insani məsuliyyətlərini yerinə yetirməyə səsləniş olunub.
Qeyd edilib ki, regionda baş verənlər təkcə ayrı-ayrı ölkələrin deyil, bütün ümmətin taleyinə təsir göstərir və passivlik ağır nəticələrə gətirib çıxara bilər.
Regional gərginlik fonunda aksiyalar
Məlumata görə, bu yürüşlər sionist rejimin Qəzza zolağı və Livanda atəşkəs razılaşmalarını pozması, eləcə də ABŞ-ın İranı hədəf alan təhdidlərinin artdığı bir dövrdə baş tutub. Analitiklər hesab edirlər ki, Sənaadan verilən bu mesajlar bölgədəki qarşıdurmanın yeni mərhələyə keçə biləcəyinə işarədir.
