“Və məkru uləikə huvə yubur” əməliyyatı
Yəmənin paytaxtı Sənada fəaliyyət göstərən hökumətin Daxili İşlər Nazirliyi xüsusi əməliyyat həyata keçirib. Nazirliyin rəsmi bəyanatına əsasən, “Və məkru uləikə huvə yubur” adlı əməliyyat nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), İsrailin “Mossad” xidməti və Səudiyyə Ərəbistanı kəşfiyyatı ilə əlaqəli genişmiqyaslı casus şəbəkəsi zərərsizləşdirilib.
Nazirlik bildirib ki, şəbəkə Səudiyyə Ərəbistanı ərazisində yerləşən ortaq əməliyyat mərkəzinə tabe olub və Yəmən əleyhinə yönəlmiş təxribatçı və kəşfiyyat fəaliyyətləri həyata keçirib.
Əməliyyat bir neçə mərhələdə aparılıb
Məlumata görə, əməliyyat bir neçə mərhələdə həyata keçirilib. Uzunmüddətli izləmə və texniki müşahidə nəticəsində, təhlükəsizlik qüvvələri şəbəkənin daxili strukturu, rabitə kanalları və xarici əlaqələrini tam şəkildə müəyyənləşdirib.
Nazirlik bildirib ki, bu şəbəkə müstəqil kiçik hüceyrələr şəklində təşkil olunub və hər biri birbaşa birgə əməliyyat mərkəzinə hesabat verib. Onlara yüksək texnologiyalı casus avadanlıqları, izləmə və koordinat ötürmə cihazları təqdim olunub.
Xarici qüvvələr tərəfindən təlimlər
Əldə edilən dəlillərə əsasən, şəbəkə üzvləri ABŞ, İsrail və Səudiyyə zabitləri tərəfindən Səudiyyə ərazisində xüsusi təlimlərə cəlb olunub. Onlara pilotsuz uçuş aparatlarının və raket sistemlərinin hədəflərini müəyyənləşdirmək üçün məlumat toplama üsulları öyrədilib.
Şəbəkənin əsas vəzifələri arasında mülki infrastrukturu, istehsal müəssisələrini, raket və dron bazalarını izləmək, həmçinin Yəmən ordusunun rəhbərləri barədə məlumat toplamaq olub.
Mülki itkilərdə iştirak
Nazirliyin məlumatında vurğulanır ki, bu şəbəkə Yəməndə mülki əhalinin qətli ilə nəticələnən bir sıra hücumlarda dolayı iştirak edib. ABŞ və İsrailin həyata keçirdiyi hava zərbələrinə dəstəklik göstərərək, koordinatlar və casus məlumatları təqdim edib.
Hücumlar nəticəsində yaşayış məntəqələri, bazarlar və ictimai obyektlər hədəfə alınıb. Nazirlik bunun Yəmən xalqının iqtisadi və sosial həyatını çökdürmək məqsədi daşıdığını bəyan edib.
Qəzza ilə həmrəylik mövqeyinə təzyiq
Səna Daxili İşlər Nazirliyi qeyd edib ki, bu casus şəbəkəsinin formalaşdırılması Yəmənin Qəzzaya dəstək mövqeyini zəiflətmək və ölkə daxilində sabitliyi pozmaq məqsədi daşıyıb.
Nazirlik ictimaiyyəti məlumatlandırmaq üçün şəbəkə ilə bağlı bəzi faktların açıqlanacağını bildirib və xalqı daha da ayıq-sayıq olmağa çağırıb.
Səna hökumətindən xalqına müraciət
Bəyanatın sonunda nazirlik Yəmən xalqına “cəsarət və dəstəyə görə təşəkkür” edib, ölkənin daxili cəbhəsini qorumaq üçün birliyə səsləyib:
“Biz Ali Liderin və siyasi rəhbərliyin göstərişlərinə sadiq qalaraq, düşmənin planlarını ifşa etməyə davam edəcəyik – ta ki, Allahın yardımı ilə tam qələbə qazanılana qədər.”
