Tartusda saxlanılma qərarı
Suriya İnsan Haqları üzrə Müşahidə Mərkəzi bazar günü axşam saatlarında yaydığı məlumatda bildirib ki, Suriya təhlükəsizlik orqanları Tartus vilayətində Ələvi İslam Şurasının rəhbəri, din xadimi Şeyx Əli Həlhəhli saxlayıb. Məlumata görə, saxlanılma onun dinc etiraz aksiyalarına dəstək verməsi və vətəndaşları küçələrə çıxmağa çağırması ilə əlaqələndirilir.
Müşahidə Mərkəzinin açıqlamasında qeyd olunub ki, Şeyx Əli Həlhəlin saxlanılması onun Şeyx Qəzzal Qəzzalın çağırışına cavab olaraq etirazlara qatılmağa səsləməsindən sonra baş verib. Hadisə bölgədə sosial və siyasi gərginliyi daha da dərinləşdirib.
Ələvi İslam Ali Şurasından sərt reaksiya
Ələvi İslam Ali Şurası yaydığı bəyanatda mülki şəxslərin, xüsusilə də Şeyx Əli Həlhəlin saxlanılmasını kəskin şəkildə pisləyib. Bəyanatda bildirilib ki, dinc aksiyalara dəstək ifadə etmək və fikir bildirmək cinayət sayıla bilməz. Şura saxlanılanların dərhal azadlığa buraxılmasını tələb edib və bu cür addımların ictimai barışığa zərbə vurduğunu vurğulayıb.
Tartusda komendant saatı və hərbi hazırlıq
Yerli mənbələr eyni vaxtda Tartus şəhərində komendant saatının tətbiq edildiyini açıqlayıb. Bildirilib ki, hərəkət məhdudiyyəti bazar ertəsi günü səhər saat 07:00-dək qüvvədə olacaq. Bununla yanaşı, Suriyanın Müdafiə Nazirliyinə bağlı hərbi birləşmələrin sahil bölgələrinə əlavə qüvvələr göndərməyə başladığı qeyd olunur.
Mənbələrin məlumatına görə, bu addımlar bölgədə baş verə biləcək yeni etirazların və qarşıdurmaların qarşısını almaq məqsədi daşıyır.
Digər şəhərlərdə dinc etirazlar
Gün ərzində Banyas, Laziqiyyə, Cəblə və Homs şəhərlərində də mülki vətəndaşların iştirakı ilə dinc etiraz aksiyaları keçirilib. Etirazçılar hazırkı hakimiyyətə qarşı şüarlar səsləndirib, “qətlin dayandırılması”, “ədalət” və “federativ idarəetmə” tələblərini irəli sürüblər.
Aksiya iştirakçıları həmçinin Homs şəhərində İmam Əli məscidində cümə günü baş vermiş partlayışı pisləyiblər. Məlumatlara əsasən, bəzi bölgələrdə təhlükəsizlik qüvvələrinin atəş açması və soyuq silahdan istifadə etməsi nəticəsində ölən və yaralananlar olub.
Etirazlara çağırış
Qeyd edək ki, Suriyada və xaricdə fəaliyyət göstərən Ələvi İslam Ali Şurasının rəhbəri Şeyx Qəzzal Qəzzal şənbə günü yaydığı açıqlamada bazar günü saat 12:00-dan 17:00-dək kütləvi və dinc etirazların keçiriləcəyini bəyan etmişdi. O, bütün icmaların nümayəndələrini həmrəylik göstərməyə və hüquqlar uğrunda birlikdə mübarizə aparmağa çağırmışdı.
