az.rasthaber.com xəbər verir ki, Suriyanın müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd Şeybani ilə İsrailin strateji məsələlər naziri Ron Dermer arasında baş tutan rəsmi görüş bölgədə mühüm dönüş kimi dəyərləndirilir.
İndiyədək yalnız gizli görüşlər barədə xəbərlər yayılsa da, bu dəfə danışıqlar açıq şəkildə keçirilib və Suriya dövlət agentliyi SANA tərəfindən təsdiqlənib. Görüşdə həmçinin Trampın nümayəndəsi Tom Barak, Suriya kəşfiyyat rəhbəri Hüseyn Səlame, eləcə də Fransanın xarici kəşfiyyat direktoru Nikolya Lerner də iştirak edib.
“Haaretz” qəzeti yazıb ki, əsas müzakirə mövzuları İranın bölgəyə qayıdışının qarşısının alınması və Hizbullahın yerləşdirilməsinin əngəllənməsi olub. Görüş, Dəməşq–Təl-Əviv münasibətlərinin normallaşdırılması yolunda ciddi sınaq kimi qiymətləndirilir.
“Arab Post” isə suriyalı mənbələrə istinadla bildirib ki, görüşdə üç əsas şərt irəli sürülüb: Suriyanın parçalanmasına dair hər hansı planın rəddi, Süveyda bölgəsinin xüsusi statusunun tanınması və gərginliyi azaltmaq üçün humanitar və praktiki addımların atılması.
Məlumata görə, görüş Parisdə keçirilib və tərəflər siyasi, təhlükəsizlik, humanitar və ictimai məsələlər üzrə müzakirələr aparıblar. Suriyalı nümayəndə heyəti 1974-cü il atəşkəs sazişinin yenidən aktivləşdirilməsi, BMT müşahidəçilərinin fəaliyyətinin bərpası və sərhəd bölgələrində qanunsuz silahlı qrupların nəzarət altına alınması təkliflərini irəli sürüb.
İsrail tərəfi isə Süveyda druzlarına yardım dəhlizinin rəsmi hala salınmasını istəyib. Analitiklər bu addımı gələcəkdə Suriya daxilində logistika marşrutunun yaradılması kimi dəyərləndirirlər.
Regional media orqanları görüşün “uğurlu” keçdiyini, tərəflərin təxminən 80 faiz məsələdə razılığa gəldiyini yazır. “Əl-Ərəbiyyə” telekanalı danışıqların Bakı və Parisdə davam etdiriləcəyini, “Sky News Arabia” isə sentyabrın 25-də ABŞ-ın təminatı ilə təhlükəsizlik sazişinin imzalanacağı ehtimalını irəli sürüb.