“Dəstək Qüvvələri”nin rəhbəri atəşkəsi elan etdi
Sudanda hərbi-siyasi böhranın mərkəzində dayanan “Dəstək Qüvvələri”nin rəhbəri Məhəmməd Həmdan Deqlu (Həmidəti) bazar ertəsinə keçən gecə münaqişənin gedişatını dəyişə biləcək açıqlama ilə çıxış edib. O bəyan edib ki, qoşunları “tam dərhal qüvvəyə minən və üç ay davam edəcək humanitar atəşkəsə” razılıq verir. Həmidəti bildirib ki, bu qərar ölkədə ağırlaşan humanitar vəziyyətə və beynəlxalq ictimaiyyətin səylərinə cavab olaraq verilib.
Bu açıqlama, ABŞ-ın keçmiş prezidenti Donald Trampın ötən həftə Sudandakı müharibəni dayandırmağa müdaxilə edəcəyinə dair bəyanatından sonra gəlib. Trampla yanaşı, ABŞ, BƏƏ, Misir və Səudiyyə Ərəbistanından ibarət “dördlük” də ayın əvvəlində üç aylıq atəşkəs və davamında sülh danışıqlarını nəzərdə tutan plan təqdim etmişdi.
Tərəflərin mövqeyi və son hərbi gərginlik
“Dəstək Qüvvələri”nin Röyter agentliyi vasitəsilə təsdiqlədiyi bu planla paralel olaraq, qurum Sudan ordusunun nəzarətində olan bölgələrə PUA-larla hücumlar həyata keçirib. Bu, ordunun baş komandanı və Sudan Keçid Suverenlik Şurasının rəhbəri general Əbdülfəttah əl-Burhanın dördlüyün təkliflərini rədd etməsindən bir gün sonra baş verib. Burhan BƏƏ-nin komitəyə daxil edilməsini tənqid edərək, Abu-Dabinin “Dəstək Qüvvələri”ni silahlandırdığı barədə iddialar səsləndirmişdi. BƏƏ isə ittihamları qətiyyətlə təkzib edir.
Həmidəti çıxışında qeyd edib ki, “Trampın səyləri başda olmaqla beynəlxalq təşəbbüslərə cavab olaraq, üç ay müddətinə hərbi əməliyyatları tam dayandırmaq qərarına gəldik”. O əlavə edib ki, dördlük ölkələrinin digər tərəfi də atəşkəs prosesinə cəlb etmək üçün nüfuzundan istifadə etməsinə ümid edir.
Ordunun reaksiyası: “Bu plan bizi zəiflətməyə hesablanıb”
Burhan öz növbəsində bildirib ki, ABŞ-ın təklifi Sudan ordusunu zəiflətmək və “Dəstək Qüvvələri”nin nəzarət etdiyi əraziləri əlində saxlamağa şərait yaratmaq məqsədi daşıyır. O vurğulayıb ki, “Sudanda heç kim bu üsyançı qüvvələrin mövcudluğunu və ya gələcək siyasi nizamda yer almasını qəbul etməyəcək”.
Sudandakı vətəndaş müharibəsi 2023-cü ilin aprelindən bəri davam edir və ölkıni dərin humanitar fəlakətə sürükləyib. Beynəlxalq ictimaiyyət tərəfləri masaya gətirmək üçün diplomatik səylərini artırsa da, hər iki tərəfin qarşılıqlı ittihamları prosesin irəliləməsini çətinləşdirir.
Region müşahidəçiləri hesab edirlər ki, Həmidətinin üç aylıq atəşkəs bəyanatı yeni bir siyasi iradənin formalaşdığını göstərsə də, ordunun sərt mövqeyi səbəbindən qarşıdakı günlərdə real irəliləyiş əldə etmək hələ də qeyri-müəyyən olaraq qalır.
