Sözü Əyri-Büyrü Sözlərlə Deməyə Gərək Yoxdur

7 Dəq Oxuma Müddəti

ABŞ uzun müddətdir ki, Qərb və Orta Asiya bölgələrində nüfuzunu artırmaq üçün güc tətbiq edərək çoxşaxəli planlar qurur. İqtisadi, siyasi və media gücü ilə yanaşı, ABŞ-ın ən təsirli gücü NATO-dur. Demək olar ki, digər güc amillərini də NATO mexanizmi sayəsində qoruyur və gücləndirir.

ABŞ-ın NATO üzvü ölkələri özünün və İsrailin maraqları naminə bir vasitə kimi istifadə etdiyi artıq sirr deyil. Başqa sözlə, NATO üzvü ölkələr çox vaxt ABŞ-ın maraqlarını öz maraqlarına üstün tutmaq məcburiyyətində qalırlar. Hətta müstəqilliklərini NATO-nun, yəni ABŞ-ın planları çərçivəsində müəyyənləşdirmək məcburiyyətindədirlər

Bu iddiamızın ən açıq və yeni sübutu isə TBMM (Türkiyə Böyük Millət Məclisi) başda olmaqla, ölkə mediasında da reaksiyalara səbəb olan NATO Parlament Assambleyasının Baş Assambleyasında CHP (Cumhuriyyət Xalq Partiyası) millət vəkili Utku Çakırözərin hazırlayıb təqdim etdiyi hesabatdır.

“İranın Regional və Avro-Atlantik Təhlükəsizliyə Təhdidi” adlı sözügedən NATO hesabatında İran həm regional sabitliyi təhdid edən, həm də Rusiya və Çinlə əməkdaşlıq edən bir qüvvə kimi qiymətləndirilir. Türkiyə isə adı çəkilən hər üç ölkə ilə, xüsusilə də təhdid kimi göstərilən İranla tarixi, mədəni, iqtisadi, ticarət, yaxşı qonşuluq və bəzi sahələrdə ortaq təhlükəsizlik əməkdaşlığı içərisində olduğu halda, ABŞ və İsraillə müharibə vəziyyətində olan İranın təhdid kimi görüldüyü planları təsdiqləyir və hətta bu barədə hesabat hazırlayır və ya hazırlamağa məcbur edilir.
Bu hesabatı hazırlayan CHP millət vəkili Utku Çakırözər hesabat və ona yönəlik reaksiyalarla bağlı TBMM-də etdiyi açıqlamada belə deyib:
“NATO Parlament Assambleyasında təkcə mən yox, Məclisimizdən digər partiyaların millət vəkilləri də iştirak edir. Assambleyada hesabatlar raportyorun şəxsi, partiya və ya milli baxışlarını deyil, Assambleyanın katibliyi tərəfindən NATO qərarları, əvvəlki sənədlər və cari inkişaflar əsasında hazırlanan kollektiv işi təmsil edir. Bu baxımdan, bu hesabat da NATO-nun 2022 Strateji Konsepsiyası, 2023 Vilnüs və 2024 Vaşinqton Liderlər Zirvələrində İranla bağlı qəbul edilən qərarlar əsasında qələmə alınmışdır.”

Bu açıqlamadan aşağıdakı nəticələr çıxarmaq olar:

1- Hesabat şəxsi, partiya və milli maraqların fövqündə olan NATO qərarıdır, buna kim qarşı çıxmağa cəsarət edə bilər? Onsuz da İran əleyhinə əvvəlki illərdə də eyni istiqamətdə qərarlar qəbul edilmişdir. Buna etiraz göstərmək NATO üzvlüyünün tələblərini anlamamaq və reallıqları gizlətmək deməkdir.

2- Kimin tərəfindən hazırlanmasından asılı olmayaraq, TBMM-ni təmsil edərək altına imza atılmış və hesabatın məzmunu təsdiqlənmişdir. Kimin hazırladığı önəmli olsa da, bundan da önəmlisi İranın regional sabitliyi təhdid etdiyi və buna qarşı tədbir görülməsinin zəruri olduğu qərarının qəbul edilməsidir. “Ha kel Həsən, ha Həsən kel” misalı, təkcə CHP millət vəkili deyil, digər partiya təmsilçiləri də bu qərarın altına imza ataraq əvvəlki qərarlarda olduğu kimi bu qərarın da məzmununu təsdiqləmişlər.

3- İran əleyhinə ilk dəfə deyil, 2022, 2023 və 2024 illərində də kollektiv qərarlar qəbul edilmiş və bu hesabat əvvəlki qərarlar əsasında yazılmışdır. NATO tərəfindən qəbul edilən hər bir qərar bütün üzv ölkələri bağladığına görə, bu o deməkdir ki, Türkiyə Respublikası olaraq biz də NATO-nun İran əleyhinə qərar və əməliyyatlarında iştirak etməyi qəbul edirik. Buna ya öz iradəmizlə qoşuluruq, ya da buna məcbur edilirik. Hər iki halda nəticə eynidir: ABŞ və İsrailin uzun illərdir İran əleyhinə apardığı müharibədə biz ABŞ və İsrailin yanında yer alırıq.

4- Qərbi Asiya (Yaxın Şərq), Qafqaz və Orta Asiya bölgələrində ABŞ-ın rəhbərliyi, İngiltərə və İsrailin fəal iştirakı ilə biri-birinə paralel, amma eyni məqsədə yönəlmiş üç fərqli plan həyata keçirilir.

Bunlardan birincisi İbrahim Razılaşmaları planıdır. Bu plan çərçivəsində Fələstinin işğalçısı İsrail rejiminin varlığına qanunilik veriləcək, bölgə ölkələri ilə barışdırılacaq, zorakılıqları və işğalları qəbul etdiriləcək. “Sülh planı” adı altında aparılan bu fitnə planının reallaşması istiqamətində sonuncu iclas ötən həftə Misirin Şarm əl-Şeyx şəhərində ABŞ prezidenti Donald Trampın rəhbərliyində keçirilmişdir. İştirak edən ölkələrin liderləri və təmsilçiləri bu şəkildə tərəflərini seçmiş oldular. İclasa qatılmayan, təsdiqləməyən və buna qarşı çıxan İran və müqavimət qüvvələri isə ya təslim olmağa məcbur ediləcək, ya da müharibələrlə təsirsiz hala gətiriləcək.

Birinci plan ABŞ/NATO planı kimi həyata keçirilən İbrahim Razılaşmalarına dəstək verən, amma NATO üzvü olmayan ölkələr üçün ya bir Ərəb – bəlkə də İslam – NATO-su qurulacaq, ya da mövcud NATO-ya daxil ediləcəklər.

İkinci plan Turan planıdır. Türkiyə ilə Qafqaz və Orta Asiyadakı türk respublikaları arasında qurulmaq istənən və “Turan NATO-su” adlandırıla biləcək bu plan da bir növ sui-qəsd planıdır. Naxçıvanla Azərbaycan əsas ərazisi arasında sadə və günahsız bir keçid kimi təqdim edilən Zəngəzur dəhlizi layihəsi NATO hədəfləri baxımından qiymətləndirilməlidir. Ermənistan və Azərbaycan arasında Trampın vasitəçiliyi ilə Vaşinqtonda imzalanan sazişlə Zəngəzur dəhlizinin nəzarətinin 90 illiyinə bir Amerika təhlükəsizlik şirkətinə verilməsi də bu keçidin NATO keçidi olduğu iddiasını sübut edir.

Üçüncü plan isə Böyük Kürdüstan planıdır.
İranda, Türkiyədə, İraqda və Suriyada yaşayan kürdləri və kürd bölgələrini birləşdirərək “Böyük Kürdüstan” yaratmaq planı qədim, yüzillik bir layihə olsa da, son 30 ildə ciddi şəkildə üzərində işlənən bir NATO planıdır. İraq və Suriyada qismən həyata keçirilmiş bu planın növbəti mərhələləri Türkiyə və İranla bağlıdır.
Ümumilikdə İbrahim Razılaşmaları və ya BOP çərçivəsində, xüsusilə Suriyadakı NATO planlarının həyata keçirilməsi zamanı Türkiyənin həssaslıqlarını və iştirakını – müvəqqəti də olsa – nəzərə almağa məcbur qalan ABŞ “Böyük Kürdüstan” layihəsini bir müddətlik dayandırsa da, bu planı həyata keçirməkdə israrlıdır.

Diqqət yetirilsə, hər üç planda da mühasirəyə alınması, təslim etdirilməsi, parçalanaraq məğlub edilməsinə çalışılan ölkələrin başında İran gəlir. Adı çəkilən planlarla Rusiya və Çinin də mühasirəyə alınması, zəiflədilməsi nəzərdə tutulsa da, yaxın cəbhədə əsas hədəf İrandır. Ola bilər ki, bu üç ölkə arasında İran “zəif halqa” kimi görülür.

İrana qarşı 13–24 iyun 2025 tarixlərində həyata keçirilən ABŞ–NATO–İsrail hücumunda bölgə və qonşu ölkələrin rəsmi bəyanatlarda guya neytral qaldığı təəssüratı yaradılsa da, son vaxtlar ortaya çıxan faktlar bunun əslində belə olmadığını göstərir. Utku Çakırözerin üstüörtülü şəkildə dediyi kimi, ikiüzlülüyə, həqiqəti gizlətməyə ehtiyac yoxdur. NATO üzvü bir ölkə olaraq öhdəliklərimizi yerinə yetiririk. Ya bu dəvəni gütməli, ya da bu diyardan getməliyik – NATO üzvlüyümüz davam etdiyi müddətcə qərarlarına tabe olmaq və üzərimizə düşən vəzifələri yerinə yetirmək məcburiyyətindəyik. Sözün qısası, günahı CHP-li bir millət vəkilinin üstünə atmağa dəyməz, bu hesabatın məzmunu bütün partiyaları və hər şeydən əvvəl iqtidarı bağlayır. NATO üzvlüyünün tələblərini yerinə yetiririk, vəssalam.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş