SOCAR-ın İtaliya Və İsraildəki İnvestisiyaları

2 Dəq Oxuma Müddəti

SOCAR-ın xaricdə genişlənməsi: strateji addımlar

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ildə Avropa və Yaxın Şərq bazarlarında diqqətçəkən yatırımlarla gündəmə gəlib. Reuters-in məlumatına görə, SOCAR İtaliyanın ən böyük enerji şəbəkələrindən biri olan “Italiana Petroli” zavodunu 2,5 milyard avroya satın alıb. Zavod gündə 200 min barel emal gücünə malik olmaqla yanaşı, 4500 yanacaqdoldurma məntəqəsinə də sahibdir.

Bu, SOCAR-ın Avropadakı mövqeyini gücləndirməklə yanaşı, yeni bazarlara çıxışını da təmin edir. Keçən il 500 milyon avro xalis mənfəət əldə edən müəssisə, həm də İtaliya hökumətinin “kritik aktivlər” siyahısına daxildir. Bu səbəbdən SOCAR iş yerlərinin qorunması və tədarükün davamlılığı ilə bağlı öhdəliklər götürməli olacaq.

Qatil İsrailin qaz sektoruna giriş

SOCAR bununla yanaşı sionist rejimin ən böyük enerji layihələrindən biri olan “Tamar” qaz sahəsində də pay əldə edib. Şirkət “Union Energy”dən 10%-lik pay alaraq, BP və “NewMed Energy” ilə birlikdə İsrailin Eksklüziv İqtisadi Zonasının I zonasında kəşfiyyat işlərinə qatılıb. Burada SOCAR-ın payı 33,34%-dir və bu, Azərbaycanın hüdudlarından kənarda şirkətin ilk kəşfiyyat layihəsi kimi tarixə düşüb.

Neft hasilatının azalması və yeni bazarlar

Ekspertlər hesab edir ki, Azərbaycanda hasilatın azalması SOCAR-ı xaricdə daha aktiv olmağa məcbur edir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İtaliyadakı investisiyanın SOCAR üçün faydalı olduğunu düşünür:

“Bu, illik 10 milyon ton emal gücünə malik zavod və geniş satış şəbəkəsinin alınması deməkdir. Yeni zavod tikintisi bundan dəfələrlə baha başa gələrdi. Ona görə bu, maliyyə baxımından sərfəlidir.”

Borclanma riski

Bununla belə, bəzi iqtisadçılar SOCAR-ın sürətli genişlənməsinin böyük borclanma hesabına baş verdiyini bildirirlər. Şirkətin 2024-cü ildə qısa və uzunmüddətli borcları 25–36% artaraq ümumilikdə 23,6 milyard manata çatıb. Bu isə gələcəkdə borcların dövlət büdcəsinə yük ola biləcəyi ilə bağlı suallar doğurur.

Mütəxəssislərə görə, SOCAR-ın uğuru yalnız investisiyanın miqyası ilə deyil, həmin layihələrin uzunmüddətli gəlirlilik dərəcəsi ilə ölçüləcək. Hasilatın azalması fonunda xaricdə aktivlərin artırılması doğru addım sayılsa da, risklərin idarə olunması əsas şərtdir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş