SOCAR-da ixtisar dalğası: 60 yaşdan yuxarı işçilər hədəfdə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tərkibindəki müəssisələrdə işçilərə kütləvi ixtisarlarla bağlı xəbərdarlıqlar göndərildiyi bildirilir. Məlumata görə, “Azəriqaz” İstehsalat Birliyində ilin əvvəlindən başlayan ixtisar prosesi artıq neft-qazçıxarma idarələrinə də yayılıb.
“Abşeronneft” Neft-Qazçıxarma İdarəsində 60 və daha yuxarı yaşda olan əməkdaşlara könüllü şəkildə ərizə yazaraq işdən çıxmaq təklif edilib. Təklifi qəbul etməyənlərin imtahanla hədələndiyi iddia olunur. Oxşar vəziyyətin “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətində də müşahidə edildiyi deyilir.
SOCAR-dan məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.
Hüquq müdafiəçisi: “Bu, həm qanunsuzdur, həm də mənəvi təzyiqdir”
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, SOCAR-ın bir neçə struktur bölməsindən – “Dalğıc Xidməti”, “Bibiheybət” və “Nərimanov” Neft-Qazçıxarma İdarələrindən çoxsaylı şikayətlər daxil olub.
Onun sözlərinə görə, 60 yaşdan yuxarı işçilərə könüllü ərizə yazmaları təklif edilir, lakin bu barədə heç bir rəsmi sənəd təqdim olunmur:
“Bu, rəsmi əmr deyil, göstərişdir. Əgər struktur dəyişikliyi varsa, bu barədə işçilər rəsmi qaydada məlumatlandırılmalıdır. Yaş senzinin tətbiqi isə qanunsuzdur.”
Qəhrəmanlı əlavə edib ki, imtahanlar vasitəsilə işdən çıxarmalar qanunvericiliyin tələblərinə ziddir:
“Attestasiya hər 5 ildən bir aparılır. İşçilərin bilik və bacarıqlarını əlavə imtahanla yoxlamaq, bu əsasla əmək müqaviləsini ləğv etmək Əmək Məcəlləsinin kobud pozulmasıdır.”
İmtahan bəhanəsi ilə ixtisarlar
Qəhrəmanlının sözlərinə görə, bəzi işçilərə imtahana cəlb ediləcəkləri barədə hədə-qorxu gəlir, imtahanda isə peşəyə uyğun olmayan çətin suallar təqdim edilir:
“Adi operatora baş mühəndis səviyyəsində suallar verilir ki, cavab verə bilməsin. Beləliklə, ixtisar üçün əsas yaradılır.”
O qeyd edib ki, SOCAR-da baş verən proseslər təkcə qanun pozuntusu deyil, həm də yaşlı işçilərə qarşı psixoloji təzyiqdir:
“Bu insanlar 64 yaşında təqaüdə çıxmalıdırlar. İndi onları işdən çıxardıqdan sonra kim işə qəbul edəcək?”
Struktur dəyişikliyi, yoxsa hasilat azalması?
SOCAR daxilində “Downstream”, “Midstream” və “Upstream” adlı yeni qurumların yaradıldığı deyilir. Lakin işçilərə bu prosesin mahiyyəti və nəticələri barədə məlumat verilmədiyi bildirilir.
Hüquq müdafiəçisi hesab edir ki, kütləvi ixtisarların əsas səbəbi struktur dəyişiklikləri deyil, neft hasilatının azalmasıdır:
“Yuxarı rəhbər strukturlarda müşavir və müavin ştatları artırılıb, aşağı vəzifələr isə ləğv olunur. Bu, ümumi işçi sayını dəyişməsə də, real istehsal potensialını zəiflədir.”
Qəhrəmanlı vurğulayıb ki, ixtisar olunanlar əsasən istehsalatda illərlə təcrübə toplamış mütəxəssislərdir:
“Hasilatı artırmaq üçün peşəkar kadr lazımdır, amma onları işdən çıxarırlar. Yeni gənclərin gəlməsi vacibdir, lakin kadr yetişdirmək üçün sistemli yanaşma lazımdır, qohumbazlıqla yox.”
“Azəriqaz”da da imtahanla ixtisarlar
Məlumatlara görə, “Azəriqaz” İB-də keçirilən imtahanlardan sonra 300-ə yaxın işçi işdən uzaqlaşdırılıb. Regional idarələrdə hətta texniki işçilər və xadimələr belə bu prosesə cəlb olunublar.
Mirvari Qəhrəmanlı bildirib ki, imtahanlar əsasən aşağı vəzifələrdə çalışan işçiləri əhatə edib:
“Xadimə və çilingərləri belə imtahana salıblar. Sürücülük vəsiqəsi olmayan çilingərlər işdən çıxarılıb. Halbuki onların əmək müqaviləsində belə öhdəlik yoxdur.”
Hüquq müdafiəçisi vurğulayıb ki, aşağı səviyyəli vəzifələrdə ixtisarlar aparılsa da, rəhbərlikdə müavin və müşavir ştatları artırılıb:
“Bu vəziyyət artıq 9-10 aydır müşahidə olunur və işçilər arasında ciddi narazılıq yaradıb.”
