Səkilərdə 6 km/saatlıq sürət limiti
Slovakiya Parlamenti şəhər içi səkilərdə maksimum sürət həddinin 6 km/saat olması barədə qanun dəyişikliyini təsdiqləyib. Yeni qayda piyadalar, velosipedçilər, skuterlər, elektrik skuter və kaykay istifadəçiləri üçün keçərli olacaq.
Qanun layihəsinin müəllifi, Smer Partiyasının deputatı Lyubomir Vazni, dəyişikliklə əsas məqsədin “səkilərdə təhlükəsizliyin artırılması və toqquşmaların azaldılması” olduğunu bildirib.
Qanun 2026-cı ildə qüvvəyə minəcək
Yeni sürət məhdudiyyəti 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək. Lakin hələlik hökumət bu qaydanın necə nəzarət olunacağı və cərimələrin necə tətbiq ediləcəyi barədə konkret mexanizm açıqlamayıb.
Mütəxəssislər bildirirlər ki, orta insanın yerimə sürəti 4–5 km/saat civarındadır. Britaniya Ürək Fondunun məlumatına görə, 6,4 km/saat sürət “normal fiziki formada olan bir insan üçün orta templi gəzinti” sayılır.
Müxalifət və Daxili İşlər Nazirliyi tənqid edir
Slovakiya Daxili İşlər Nazirliyi bu qərarı “praktik deyil” adlandıraraq, səkilərdə sürət limiti qoymaq əvəzinə elektrik skuterlərin tam qadağan edilməsinin daha məqsədəuyğun olduğunu bildirib.
Müxalifətdəki Proqressiv Slovakiya Partiyasının deputatı Martin Pekar isə qanun dəyişikliyini “davamlı nəqliyyata qarşı cəza” kimi qiymətləndirib:
“Piyadalar üçün təhlükə velosipedçilər deyil, avtomobillərdir. Qəzalardan qaçmaq istəyiriksə, bizə qeyri-realist sürət limitləri yox, daha çox təhlükəsiz velosiped yolları lazımdır.”
Sosial mediada gülüş doğurdu
Yeni qərar sosial şəbəkələrdə məzahi reaksiyalarla qarşılanıb. Bir çox istifadəçi “Otobusa çatmaq üçün qaçan birinə indi cərimə kəsiləcəkmi?” kimi paylaşımlarla ironiya edib.
Digərləri isə qərarın tətbiqinin real həyatda mümkün olmadığını vurğulayaraq, hökumətin “bürokratik həddə qədər yavaşlaması” ilə istehza ediblər.
Ekspertlər isə bildirirlər ki, qanunun təhlükəsizlik baxımından niyyətinin müsbət olmasına baxmayaraq, əməli tətbiqi çətin olacaq və polis resurslarının səmərəsiz istifadəsinə səbəb ola bilər.
