Yaalondan Netanyahoya kəskin ittihamlar
Sioinst rejimin sabiq “müdafiə naziri” Moşeh Yaalon bazar günü verdiyi açıqlamada hazırkı baş nazir Benyamin Netanyahunu “7 oktyabr qırğınına”, minlərlə hərbçi və mülki şəxsin ölümünə, on minlərlə insanın fiziki və psixoloji xəsarət almasına görə birbaşa məsuliyyət daşımaqda ittiham edib. Yaalon bu hadisələri “ölkə tarixindəki ən təhlükəli böhran” kimi qiymətləndirib.
Onun sözlərinə görə, yaşananlar təkcə təhlükəsizlik sahəsində uğursuzluq deyil, eyni zamanda dövlət idarəçiliyində dərin sistem böhranının göstəricisidir.
“İsrail artıq demokratik dövlət deyil”
Yaalonun açıqlamaları İsrail Ali Məhkəməsinin keçmiş sədri Aharon Barakın çıxışına şərh kimi səsləndirilib. Barak çıxışında “İsrail artıq demokratik dövlət deyil” fikrini səsləndirib. Yaalon bildirib ki, bu qiymətləndirmə reallığı tam əks etdirir və mövcud hakimiyyət institutlarının zəiflədiyini açıq şəkildə ortaya qoyur.
Cinayət ittihamları və Meron faciəsi
Keçmiş nazir xatırladıb ki, dövlətin başında duran şəxs barəsində üç ağır cinayət maddəsi üzrə ittiham irəli sürülüb. O, həmçinin rəsmi istintaq komissiyasının Netanyahunu Meron hadisəsində 45 zəvvarın ölümü ilə nəticələnən faciəyə görə şəxsən məsul hesab etdiyini vurğulayıb.
Bu kontekstdə Yaalon İsrailin baş prokuroruna müraciət edərək sual ünvanlayıb: “Haradasınız? Ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma ittihamı üzrə iddianamə haradadır?”
Submarin qalmaqalı və təhlükəsizlik riski
Yaalon əlavə edib ki, sualtı qayıqların alınması ilə bağlı rəsmi istintaq komissiyasının aralıq hesabatında Netanyahunun İsrailin təhlükəsizliyinə, iqtisadiyyatına və xarici əlaqələrinə ciddi zərər vurduğu qeyd olunub. Onun sözlərinə görə, baş nazir Qətərlə bağlı “xəyanət işi” çərçivəsində də rəsmi şəkildə, xəbərdarlıqla dindirilməlidir.
Yaalon bu vəziyyəti belə ifadə edib: “Balıq başdan iylənər”.
Hakimiyyətin dəyişdirilməsi çağırışı
Keçmiş müdafiə naziri bildirib ki, Aharon Barak dövlət hakimiyyətinin zəifləməsini dəqiq şəkildə təhlil edib və xalqı dövləti xilas etməyə çağırıb. Ya’alonun fikrincə, ölkənin gələcəyindən narahat olan hər kəs “yalan və xəyanət hökumətinin”, qanunu tanımayan və cinayətkar xarakter daşıyan hakimiyyətin dəyişdirilməsi üçün səfərbər olmalıdır.
O vurğulayıb ki, bu proses nə qədər tez başlasa, bir o qədər yaxşıdır.
Siyasi keçmiş və Likud partiyası
Qeyd edək ki, Moşeh Ya’alon Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasının üzvü olub. O, 2002–2005-ci illərdə İsrail ordusunun baş qərargah rəisi, 2013–2016-cı illərdə isə müdafiə naziri vəzifələrində çalışıb. Son açıqlamaları isə İsrail siyasi arenasında daxili qarşıdurmanın daha da dərinləşdiyini göstərir.
