İsrailin yeni təxribatı: Bleyda hadisəsi
Bu gün səhər tezdən İsrail işğal qüvvələrinin bir hissəsi Livanın cənubundakı Bleyda sərhəd qəsəbəsinə soxulub. Məlumata görə, bir neçə hərbi “cip”dən ibarət olan İsrail bölməsi qəsəbənin mərkəzində yerləşən müvəqqəti bələdiyyə binasına daxil olub.
Məlumata əsasən, əməliyyat zamanı İsrailə məxsus pilotsuz uçuş aparatları Bleyda üzərində uçuşlar həyata keçirib. Eyni zamanda, bələdiyyə binasının ələ keçirilməsi zamanı atəş səsləri eşidilib.
Bələdiyyə işçisi atəş nəticəsində həlak oldu
Bleyda bələdiyyəsindən verilən açıqlamada bildirilib ki, binada növbə çəkən əməkdaş – İbrahim Səlame sionist rejim əsgərləri tərəfindən açılan atəş nəticəsində həyatını itirib. Hadisə baş verərkən o, binada gecələyirmiş. Əvvəlcə onun taleyi barədə məlumat olmasa da, daha sonra cəsədi binada tapılıb.
Bələdiyyə rəsmiləri qeyd ediblər ki, İsrail əsgərləri heç bir xəbərdarlıq etmədən binaya daxil olub və Səlameyə yuxuda olarkən atəş açıblar.
Livan ordusu döyüş hazırlığına gətirildi
Hadisədən dərhal sonra Livan ordusu bölgədə yüksək hazırlıq vəziyyətinə gətirilib. Müdafiə qüvvələri əlavə hərbi bölmələr cəlb edərək Bleyda ətrafında nəzarəti gücləndirib. İsrail qüvvələri isə təxminən iki saat davam edən əməliyyatdan sonra bələdiyyə binasından geri çəkilib.
Məlumatlara görə, İsrail tərəfi “UNIFIL” vasitəsilə Livan ordusuna xəbər göndərərək binanın boşaldılmasını tələb edib. Lakin BMT-nin sülhməramlı qüvvələri (UNIFIL) hadisə yerinə daxil olmayıb.
Atəşkəs rejiminin pozulması davam edir
Bu hadisə İsrailin Livan suverenliyini pozan ardıcıl hərbi əməliyyatlarının davamı kimi qiymətləndirilir. Xüsusilə Cənub Livan, Bəqə vadisi və Beyrutun cənub ətrafları son aylarda İsrail tərəfindən dəfələrlə atəşə tutulub.
Qeyd edək ki, Livanla İsrail arasında 2024-cü il noyabrın 27-də qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, Tel-Əviv tərəfi sərhəd bölgələrində hərbi fəaliyyətlərini dayandırmayıb. Analitiklər bu təxribatların regionda gərginliyi daha da artıracağı qənaətindədir.
