İsrail qüvvələri Quneytrə vilayətinə daxil olub
Suriyanın cənubundakı Quneytrə vilayətində İsrail ordusunun genişmiqyaslı hərbi toqquşma xarakterli əməliyyatlar həyata keçirdiyi bildirilir. Suriya İnsan Haqları Müşahidə Mərkəzinin məlumatına görə, çərşənbə axşamı İsrail ordusuna məxsus hərbi bölmələr Quneytrə vilayətinin əl-Kum kəndində yerləşən 90-cı briqadanın hava hücumundan müdafiə bölməsinə daxil olub.
Mənbənin məlumatına görə, İsrail qüvvələri hərbi hissədə axtarış aparıb, daha sonra bölgəni tərk edərək “Sülh Avtobanı” istiqamətinə çəkilib.
Mülki vətəndaşlar yoxlanılıb
Hesabatda qeyd olunur ki, İsrail ordusu Kom Mühəyris–Xan Ərnəbə yolunda da müvəqqəti nəzarət-buraxılış məntəqəsi qurub. Hərbçilər yoldan keçən vətəndaşları yoxlayıblar, lakin suriyalıların saxlanılması barədə məlumat verilməyib.
Bundan əvvəl isə 4 tank və bir neçə əsgər daşıyan avtomobildən ibarət başqa bir İsrail bölməsi Hümeydiyyə bazasından çıxaraq Quneytrənin şimalındakı Ofaniyə kəndinə doğru hərəkət edib. Eyni zamanda bölgə üzərində pilotsuz uçuş aparatlarının uçduğu bildirilib.
İsrail ordusu bir neçə istiqamətdən hərəkət edib
Qərbi Səmdaniyyə kəndi istiqamətində də İsrail ordusunun hərbi texnikasının müşahidə olunduğu qeyd edilir. Məlumata görə, “Qüllə” adlanan məntəqədən çıxan İsrail patrulu iki tank və üç zirehli texnika ilə kəndin ətrafındakı əkin sahələrinə daxil olub. Daha sonra bölmələr geri çəkilərək BMT-nin nəzarətində olan silahsızlaşdırılmış zonaya qayıdıblar.
İsrail qüvvələri gecə saatlarında geri çəkilib
Sonradan “əl-Meyadin” telekanalının yerli mənbələri xəbər verib ki, İsrail ordusu gecə saatlarında Quneytrə vilayətində daxil olduğu bütün nöqtələrdən geri çəkilib. Lakin bu, bölgədəki gərginliyin azalacağı anlamına gəlmir.
İsrailin Suriyaya qarşı davam edən təcavüzü
Müşahidəçilərin fikrincə, bu toqquşmalar İsrailin Suriyanın cənubundakı torpaqlara qarşı davam edən hərbi təxribatlarının tərkib hissəsidir. İsrail qüvvələrinin Quneytrə və ətraf bölgələrdəki müntəzəm toqquşmaları, xüsusilə keçmiş prezident Bəşər Əsədin dekabr ayında devrilməsindən sonra, daha da intensivləşib.
Suriyanın rəsmi mənbələri bu hadisəni ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq təcavüz kimi qiymətləndiriblər.
