Sionist Rejimin Milli Aviadaşıyıcısı Ağır İttiham: Müharibədə Baha Bilet Satılıb

2 Dəq Oxuma Müddəti

Tarif Şurasından Araşdırma

El Al Israel Airlines 7 oktyabr 2023 – may 2024 dövründə bir çox xarici aviaşirkətin uçuşları dayandırmasından sonra bazarda faktiki dominant mövqe əldə etməkdə ittiham olunur.

Israel Competition Authority (ICA) tərəfindən yayılan açıqlamaya görə, bu müddətdə El Al 53 marşrutdan azı 38-də, o cümlədən Nyu-York, London, Paris və Banqkok istiqamətlərində əsas və bəzən yeganə daşıyıcıya çevrilib.

Tənzimləyici qurum bildirir ki, şirkət həmin dövrdə biletlərin qiymətini orta hesabla 16 faiz, bəzi marşrutlarda isə 30 faizdən çox artırıb. ICA bunu təkcə iqtisadi deyil, həm də sosial məsələ kimi qiymətləndirir və müharibə şəraitində hava əlaqəsinin həyati əhəmiyyət daşıdığını vurğulayır.

121 milyon şekellik cərimə riski

Araşdırma nəticəsində El Al-ın bazardakı hakim mövqeyindən sui-istifadə etdiyi müəyyən olunarsa, şirkət 121 milyon İsrail şekelinə (təxminən 33 milyon avro) qədər cərimələnə bilər.

Bundan əlavə, belə qərar mümkün kollektiv iddialar üçün hüquqi əsas yarada bilər. Rəsmi qurumun yekun qərarı məhkəmə proseslərində sübut kimi istifadə oluna bilər.

Şirkətin mövqeyi

El Al isə ittihamları qəbul etmir. Şirkət açıqlamasında orta hesabla 16 faizlik qiymət artımının avtomatik olaraq həddindən artıq bahalaşma kimi qiymətləndirilə bilməyəcəyini bildirib.

Aviaşirkət rəsmi dinləmələrdə öz mövqeyini müdafiə edəcəyini və qiymət siyasətinin qanun çərçivəsində formalaşdırıldığını sübut etməyə hazır olduğunu bəyan edib.

Rekord mənfəət mübahisəni artırıb

Müzakirələr El Al-ın 2024-cü il üzrə maliyyə nəticələrinin açıqlanmasından sonra daha da güclənib. Şirkət təxminən 3 milyard avro həcmində rekord satış və 460 milyon avro xalis mənfəət əldə etdiyini bildirib. Bu göstərici əvvəlki illə müqayisədə ciddi artım deməkdir.

Tənqidçilər hesab edirlər ki, müvəqqəti bazar üstünlüyü şirkətə əlavə gəlir qazandırıb və bu, müharibə dövründə qiymət siyasəti ilə bağlı sualları daha da artırıb.

Hazırda məsələ İsraildə geniş ictimai və hüquqi müzakirələrə səbəb olub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş