İsrailin Rəfəhə hücumu atəşkəsi pozdu
İsrailin hərbi təyyarələri bu gün Qəzza Zolağının cənubundakı Rəfəh şəhərinə bir neçə hava zərbəsi endirib. Hücumlar, qatil Baş nazir Benyamin Netanyahunun “Qəzzaya dərhal və intensiv zərbələr endirilməsi” barədə verdiyi göstərişin ardından baş verib.
Netanyahunun ofisindən yayılan bəyanatda bildirilir ki, qərar təhlükəsizlik müşavirələrindən sonra qəbul edilib. İsrail tərəfi bu hücumları “HƏMAS-ın atəşkəsi pozması və əsir cəsədini təhvil verməməsi” ilə əsaslandırır.
Qəssam briqadaları: “Təhvil prosesi dayandırılıb”
HƏMAS-ın hərbi qanadı olan Qəssam briqadaları bu gün tapılan bir israilli əsirin cəsədinin təhvilini atəşkəsin İsrail tərəfindən pozulması səbəbindən təxirə saldıqlarını açıqlayıb.
Qəssamın bəyanatında qeyd olunur ki, cəsəd Qəzzanın cənubundakı tunel sistemində aparılan axtarış zamanı aşkarlanıb. Lakin İsrailin son hava hücumları bu kimi əməliyyatları təhlükə altına salır:
“İsrailin hərbi eskalasiyası axtarış və çıxarma prosesini dayandırır, bu isə cəsədlərin qaytarılmasını daha da gecikdirəcək.”
HƏMAS: “İsrail bəhanə ilə yeni təcavüzə hazırlaşır”
HƏMAS bildirib ki, İsrail bu məsələni siyasi məqsədlər üçün manipulyasiya edir və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün “saxta ittihamlar” uydurur.
Hərəkat vurğulayıb ki, İsrail Qırmızı Xaç və Fələstin müqavimət qüvvələrinin birgə əməliyyat qruplarının Qəzzanın bəzi bölgələrinə daxil olmasına icazə vermir. Bundan əlavə, İsrailin ağır texnika və xüsusi avadanlıqların Qəzzaya daxil olmasına qadağa qoyması cəsədlərin axtarış və çıxarılmasını qeyri-mümkün edir.
“İsrail atəşkəsi pozaraq yeni hücumlara zəmin yaradır. Biz humanitar vəzifələrimizi yerinə yetirməyə sadiqik, lakin təxribatlara görə məsuliyyət tamamilə işğalçı tərəfin üzərindədir,” – deyə HƏMAS bəyan edib.
Gərginlik yenidən artır
Müşahidəçilərin fikrincə, son hadisələr atəşkəsin gələcəyini sual altına qoyur. İsrailin Rəfəhdə həyata keçirdiyi bombardmanlar Qəzzada axtarış və xilasedici əməliyyatları dayandırıb, bölgədə gərginliyi daha da artırıb.
