Sionist Rejimin Ardıcıl Hücumları Livandakı Atəşkəsi Təhlükəyə Atır

3 Dəq Oxuma Müddəti

Sionist rejim fasiləsiz hücumları atəşkəsi iflic edir

Livanda İsraillə əldə olunan atəşkəs razılaşmasının üzərindən bir il keçsə də, bölgədə vəziyyət sabitləşmir. İşğalçı ordunun dəstəkçilərinin göz önündə həyata keçirdiyi minlərlə pozuntu, hava və raket hücumları, qəsdən hədəflənən yaşayış məntəqələri və hərbi mövqelər razılaşmanı kağız üzərində saxlayan əsas səbəblərdən biri olaraq qalır. İsrail ilk gündən etibarən razılaşma şərtlərini icra etmir, nə cənub bölgəsindən çəkilir, nə də hücumlarını dayandırır.

Atəşkəsin başladığı 27 noyabr 2023-dən bu günə qədər cənub kəndləri, Bəqa bölgəsi və Beyrutun cənub ətrafı dron, raket və hava hücumlarının hədəfinə çevrilib. Hücumlar təkcə mülki əhalini deyil, Livan ordusunun mövqelərini və BMT-nin “YUNİFİL” qüvvələrini də əhatə edib.

330-dan çox şəhid, 900-dən çox yaralı

Livan Səhiyyə Nazirliyinin açıqladığı son rəqəmlərə əsasən, İsrailin birillik hücumları nəticəsində 330-dan çox insan həlak olub, 900-dən çoxu yaralanıb. Bu müddət ərzində həyata keçirilən hava əməliyyatları kəndlərdə geniş dağıntıya səbəb olub, xüsusilə cənub bölgəsində kənd təsərrüfatı sahələri ciddi zərər görüb.

BMT-nin xüsusi məruzəçisi Moris Tedbol Benz İsrailin mülki ərazi və sakinlərə yönəlmiş davamlı hücumlarını “müharibə cinayətləri” kimi qiymətləndirərək bunların BMT Nizamnaməsinə, 1701 saylı qətnaməyə və Livanın suverenliyinə açıq zidd olduğunu vurğulayıb.

Ali Əmmar: “İsrail sülh deyil, təslimiyyət istəyir”

Livan parlamentinin üzvü, “Müqavimət vəfa bloku”nun təmsilçisi Ali Əmmar bildirib ki, İsrailin Livana qarşı hücumları illərdir dayanmır və son bir ildə bu hücumlar daha da intensivləşib. Onun sözlərinə görə, Livan 1701 saylı qətnamənin bütün müddəalarına əməl etsə də, İsrail eyni davranışı göstərmir və bu, “daimi aqressiya strategiyasının” tərkib hissəsidir.

Əmmar qeyd edib ki, müqavimət hərbi və siyasi vəziyyətin dəyişməsini nəzərə alaraq “strateji səbir” nümayiş etdirir və dövlətə diplomatik fəaliyyət üçün vaxt tanıyır. O, “ordu-xalq-müqavimət” üçlüyünün Livanın müdafiə dayağı olduğunu vurğulayaraq, İsrailin məqsədinin sülh yox, Livanı təslim etmək olduğunu bildirib.

İsrailin hava pozuntuları 7500-dən çox olub

Atəşkəs razılaşması İsrailə Livan ərazisinə hava, quru və dənizdən hücumu qadağan etsə də, bunun əksi baş verir. “YUNİFİL”in açıqladığı statistikaya görə, son bir ildə 7500-dən çox hava pozuntusu, 2500-dən artıq quru pozuntusu qeydə alınıb.

Razılaşmanın əsas tələblərindən biri İsrailin 60 gün ərzində işğal etdiyi mövqelərdən geri çəkilməsi idi. Lakin İsrail bu öhdəliyi də yerinə yetirməyib və Xiyam, Mərkəba, Aytərun, Naqura və Mərvaxin istiqamətlərində yerləşən beş strateji təpədə mövqelərini gücləndirib.

ABŞ-ın rəhbərlik etdiyi beş tərəfli komitənin 13 iclas keçirməsinə baxmayaraq, İsrail tərəfi indiyədək geri çəkilmə ilə bağlı heç bir konkret addım atmayıb.

Gərginlik genişlənə bilər

Bölgədə dron uçuşlarının dayanmaması, kənd təsərrüfatı torpaqlarının məhv edilməsi və mülki infrastruktura hücumların artması Livanda təhlükəsizlik risklərini daha da yüksəldib. Atəşkəsin gələcəyi isə İsrailin davam edən pozuntuları fonunda getdikcə daha çox sual altına düşür.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş