Sionist Rejim UNRWA Qərargahına Basqın Etdi – BMT Mandatının Uzadılmasından Günlər Sonra Gərginlik Artır

3 Dəq Oxuma Müddəti

BMT mandatının uzadılmasından sonra UNRWA qərargahına basqın

Sionist rejim işğal qüvvələri işğal altındakı Şərqi əl-Qüdsdə yerləşən Fələstinli qaçqınlara yardım agentliyi UNRWA-nın möhürlənmiş qərargahına basqın edib. Şeyx Cərrah məhəlləsindəki bu binaya hücum BMT Baş Assambleyasının qurumun mandatını daha üç il müddətinə yeniləməsindən cəmi bir neçə gün sonra baş verib.

Fələstin Muxtariyyətinə bağlı əl-Qüds Qubernatorluğu bazar ertəsi verdiyi açıqlamada sionist rejim polisinin binaya daxil olaraq mühafizəçiləri saxladığını və onların telefonlarını müsadirə etdiyini bildirib. Məlumata görə, polis ərazidə rabitəni tamamilə kəsib, beləliklə içəridə nə baş verdiyini müəyyənləşdirmək mümkün olmayıb.

Rəsmi məlumatda vurğulanıb ki, basqın binanın ətrafının tam bağlanması və bütün bölmələrdə genişmiqyaslı axtarışlarla müşayiət olunub. Qərargah UNRWA tərəfindən 1951-ci ildən ofis kimi istifadə olunurdu və bu il sionist rejimin qərarı ilə boşaldılmışdı.

BMT qərarına meydan oxuma kimi qiymətləndirilir

Basqın BMT Baş Assambleyasının 151 lehinə, 10 əleyhinə və 14 bitərəf səslə qəbulu edilən qərarın ardınca həyata keçirilib. Əl-Qüds Qubernatorluğu bu addımı BMT-nin səs çoxluğu ilə UNRWA mandatını təsdiqləməsinə “açıq meydan oxuma” kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti İsraili beynəlxalq hüququ pozduğuna görə cavab verməyə çağırıb.

UNRWA-nın baş komissarı Filip Lazarini də basqını “təhlükəli presedent” adlandıraraq sərt şəkildə pisləyib. O, X platformasında yazıb ki, İsrailin bu addımı BMT üzvü kimi üzərinə götürdüyü öhdəlikləri və BMT obyektlərinin toxunulmazlığını açıq şəkildə pozur.

UNRWA-ya qarşı ittihamlar və maliyyə böhranı

Sionist rjeim 2023-cü ilin oktyabrında baş verən “Əl-Əqsa Tufanı” əməliyyatı ilə bağlı UNRWA əməkdaşlarını ittiham etdikdən sonra agentliyin işğal altındakı ərazilərdə fəaliyyətini qadağan etmişdi. UNRWA dəfələrlə bu iddiaların sübutlarını tələb etsə də, İsrail tərəfindən heç bir əsas təqdim olunmayıb.

Bundan sonra bir sıra böyük donor dövlətlər, xüsusilə ABŞ, agentliyə ayırdığı vəsaitləri dayandırıb və ya dondurub. Nəticədə UNRWA-nın maliyyə vəziyyəti qurumun 70 illik tarixində ən ciddi böhran mərhələsinə daxil olub.

Haaqa Məhkəməsinin qərarı və hüquqi qiymətləndirmə

Oktyabr ayında Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) sədri Yuji İvasava qərarında qeyd edib ki, İsrail BMT və onun qurumları tərəfindən təqdim edilən yardım fəaliyyətlərinə, o cümlədən UNRWA-nın proqramlarına “razılıq verməli və şərait yaratmalıdır”. Məhkəmə həmçinin İsrailin UNRWA-nın Həmasla əməkdaşlıq etdiyi iddiasını əsaslandıracaq hər hansı sübut təqdim etmədiyini bildirib.

UNRWA 70 ildən çoxdur ki, İsrail işğalının yaradılması nəticəsində öz torpaqlarından zorla çıxarılan fələstinlilərə yardım məqsədilə fəaliyyət göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş