İsrail ordusu “Güc Qalxanı” adlı təlimə start verdi
İsrail ordusu Suriyanın işğal altında olan Qolan Təpələrində iri miqyaslı hazırlıq təliminə başladığını açıqlayıb. Ordunun bəyanatına görə, iki gün davam edəcək təlim “mümkün ssenarilərə hazırlıq” məqsədi daşıyır və “Güc Qalxanı” adı altında keçirilir.
Təlim baş Qərargahın sınağı ilə başlayıb və qərargah-əsaslı əməliyyatların yoxlanılmasını əhatə edir. Bu müddətdə İsrail ordusunun Baş Qərargah rəisi general Eyel Zamir Qolan və Livan sərhədinə cavabdeh olan 210-cu “Başan” Regional Diviziyasına baş çəkərək vəziyyəti qiymətləndirib.
Zamir, Livanın cənubunda həyata keçirilən hava hücumu nəticəsində Hizbullahın yüksək rütbəli komandiri Heysəm Əli Təbətəbainin öldürülməsindən sonra qüvvələrin daha yüksək hazırlıq vəziyyətinə gətirilməsi göstərişini verib.
Hizbullah: “Bu şəhidlik mübarizəyə daha böyük iradə qatacaq”
Hizbullah bazar günü gecə yaydığı bəyanatda komandir Təbatəbainin və digər dörd müqavimət döyüşçüsünün “xain İsrail hücumu” nəticəsində şəhid olduğunu açıqlayıb. Hərəkat bildirib ki, Təbatəbainin şəhidliyi müqavimət ruhunu gücləndirəcək və “sionist düşmənə və onun himayədarı ABŞ-a qarşı mübarizəni” davam etdirmək üçün daha böyük əzmkarlıq yaradacaq.
Komandirin qətlə yetirilməsi İsrailin Livanın müxtəlif bölgələrinə artırdığı hücumların fonunda baş verib. Bu hücumların ötən il əldə edilən atəşkəs razılaşmasını açıq şəkildə pozduğu vurğulanır.
Netanyahu Qolan Təpələrinə səfər etmişdi
Qolan Təpələrində keçirilən təlim sionist rejimin cinayətkar Baş naziri Benyamin Netanyahunun ötən həftə Suriyanın cənubundakı bufer zonaya səfərindən sonra həyata keçirilir. Netanyahu burada İsrailin aylarla işğal etdiyi Suriyaya aid ərazilərdə yerləşdirilmiş hərbçilərlə görüşmüşdü.
İsrail ordusu keçmiş prezident Bəşər Əsəd hökumətinin ötən il devrilməsindən sonra Suriya ərazisinin müxtəlif yerlərində hücumlarını artırıb. Netanyahu orduya Suriyanın daha dərin bölgələrinə daxil olmağı və bir neçə strateji nöqtəni ələ keçirməyi əmr edib.
HTŞ-nin fəaliyyətsizliyi İsrailə manevr imkanı verir
Mənbələrə görə, xarici dəstəklə fəaliyyət göstərən və daha əvvəl “Əl-Qaidə” ilə əlaqəli olan Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının İsrailin əməliyyatlarına reaksiya verməməsi və Tel-Əvivlə normallaşma mesajları verməsi İsrailə işğal ərazilərində daha sərbəst hərəkət imkanı yaradıb.
HTŞ-nin rəhbərlik etdiyi silahlı qruplar ötən ilin dekabrında Dəməşqi ələ keçirərək Bəşər Əsədin hakimiyyətinin sonunu elan etmişdilər. Bu siyasi boşluq İsrailin Suriyada daha geniş əməliyyat aparmasına şərait yaratdığı bildirilir.
