Hökumət qərarı təsdiqlədi
Sionist rejim hökuməti beynəlxalq hüquqa görə işğal altında olan Qərbi Şəriədə birtərəfli qaydada “torpaq qeydiyyatı prosesi”nin başlanmasına dair qərarı təsdiqləyib. Yerli mətbuatın yaydığı məlumata əsasən, təşəbbüs ədliyyə naziri Yariv Levin, maliyyə naziri Bezalel Smotriç və müdafiə naziri Yisrael Katz tərəfindən irəli sürülüb.
Qərara əsasən, 1967-ci ildən sonra ilk dəfə olaraq sionist rejim hakimiyyəti Qərbi Şəriədə həm dövlət, həm də yəhudi işğalçılara aid torpaqların rəsmi qeydiyyatına başlayacaq. Bu addımın Fələstinlilərə məxsus torpaqların müsadirəsinin hüquqi çərçivəyə salınmasına xidmət edəcəyi bildirilir.
C bölgəsi prioritet elan olunub
“Israel Hayom” qəzetinin məlumatına görə, ilkin mərhələdə proses Batı Şəriənin C bölgəsini əhatə edəcək. Oslo razılaşmalarına əsasən, C bölgəsi sionist rejimin hərbi idarəçiliyi altında qalır və ərazinin təxminən 61 faizini təşkil edir.
Plana görə, 2030-cu ilədək C bölgəsindəki torpaqların 15 faizində mərhələli şəkildə qeydiyyat işləri aparılacaq. Qeyd olunur ki, bütün bölgə üzrə torpaq sənədlərinin tənzimlənməsi prosesinin təxminən 30 il davam edəcəyi ehtimal edilir. Bu səbəbdən ilkin mərhələdə 15 faizlik hədəf müəyyənləşdirilib.
“Dövlət torpağı” statusu və beynəlxalq hüquq
Məlumata əsasən, xüsusi mülkiyyət olduğu sübuta yetirilməyən torpaqlar “dövlət torpağı” elan ediləcək. Bu isə yeni yaşayış məntəqələrinin inşasına və işğalçı yəhudilərin bölgəyə köçürülməsinə hüquqi zəmin yarada bilər.
Beynəlxalq hüquqa görə, 1967-ci ildə işğal olunmuş Qərbi Şəriə gələcək Fələstin dövlətinin ərazisi kimi tanınır və sionist rejim həmin ərazidə işğalçı güc statusuna malikdir. İşğalçı dövlətin işğal etdiyi torpaqlara öz əhalisini köçürməsi və mülkiyyət rejimində dəyişiklik aparması beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, qəbul edilən qərar bölgədə gərginliyi daha da artıra və Fələstin–İsrail münaqişəsində yeni mərhələyə səbəb ola bilər. Fələstin tərəfinin və beynəlxalq ictimaiyyətin qərara necə reaksiya verəcəyi isə yaxın günlərdə bəlli olacaq.
