İsrail ordusunda psixoloji böhran dərinləşir
İsrail parlamenti – Knessetin Tədqiqat və Məlumat Mərkəzinin yeni hesabatı ordudakı intihar dalğasının miqyasını göstərib. Sənədə əsasən, 2024-cü ilin yanvarından 2025-ci ilin iyuluna qədər 279 intihar cəhdi qeydə alınıb. Bu isə hər bir intihar edən hərbçiyə yeddi cəhdin düşdüyü mənasına gəlir.
Hesabat İsrailin “Kan Bet” radiosunda dərc edilib. Bildirilib ki, orduda intihar cəhdlərinin sistemli şəkildə qeydiyyatı ilk dəfə 2024-cü ildə başlanıb. Hadisələrin 12 faizi ağır, 88 faizi isə orta dərəcəli kimi qiymətləndirilib.
2017-dən bəri 124 əsgər intihar edib
Rəsmi rəqəmlərə görə, 2017-ci ildən 2025-ci ilin iyuluna qədər 124 İsrail əsgəri intihar edib. Onların 68 faizi məcburi xidmətə çağırılmış əsgərlər, 21 faizi ehtiyat qüvvələrindən, 11 faizi isə daimi xidmət heyətindən ibarətdir. 2023-cü ildən sonra, xüsusilə son müharibə zamanı ehtiyat qüvvələrin tez-tez çağırılması fonunda, bu qrupda intihar halları ciddi şəkildə artıb.
Hesabatda qeyd olunur ki, döyüş bölgələrində xidmət edən hərbçilər arasında intihar nisbəti 2023-cü ildəki 17 faizdən 2024-cü ildə 78 faizə yüksəlib. Bu, hərbi əməliyyatların döyüşçülərin psixikasına dərin təsir göstərdiyini sübut edir.
Psixoloji dəstək sistemi iflasa uğrayıb
Məlumatda vurğulanır ki, intihar edən hərbçilərin cəmi 17 faizi hadisədən iki ay əvvəl psixoloji yardım zabiti ilə görüşüb. Bu isə orduda psixoloji dəstək mexanizmlərinin yetərsizliyini və nəzarətsizliyi üzə çıxarır.
Knesset üzvü Ofer Kasif hökuməti sərt tənqid edərək bildirib:
“Əsgərləri müharibələrə göndərib, sonra da unudurlar. Real psixoloji dəstək sistemi qurulmasa, bu faciələr davam edəcək.”
Hərbi rəhbərlik narahatdır
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir də məsələni “ciddi çağırış” adlandırıb. O, Belmaxim bazasında keçirilən rəhbərlik konfransında bildirib ki, minlərlə əsgər hazırda psixoloji müalicə alır və zabitlər bu vəziyyətlərə qarşı “həssas və diqqətli olmalıdır”.
Ekspertlər: “İsrail ordusu daxildən çökür”
Müşahidəçilər hesab edir ki, bu hesabat İsrail ordusunda artan ruhi gərginliyi və mənəvi dağılmanı nümayiş etdirir. Davam edən müharibələr, uzunmüddətli səfərbərlik və insan itkisi ordunun dözümlülüyünü zəiflədib, daxili böhranı dərinləşdirib.
Bu vəziyyət İsrail cəmiyyətində də ciddi rezonans doğurub. Analitiklər xəbərdarlıq edirlər ki, psixoloji təzyiq artmaqda davam edərsə, bu, ordunun döyüş qabiliyyətinə və ictimai sabitliyə birbaşa təsir göstərə bilər.
