Sionist Rejim Ordusu Suriyada Yeni Hərbi Təxribat Törədib

2 Dəq Oxuma Müddəti

Sionist rejim ordusunun Qüneytirədə yeni irəliləyişi

Sionist rejim ordusu Suriyanın Qüneytirə vilayətinin cənub bölgəsində növbəti dəfə hərbi təxribat törədib. Suriya rəsmi mənbələrinin yaydığı məlumata görə, bu gün sionist rejimə məxsus tanklar və ağır texnika Qüneytirənin cənub kəndlərindən biri olan Muəlləqa yaşayış məntəqəsinə daxil olub. Bu hadisə Suriyanın ərazi bütövlüyünə və suverenliyinə qarşı növbəti açıq pozuntu kimi qiymətləndirilir.

Suriya dövlət televiziyası “Əl-İxbariyyə”nin məlumatında bildirilir ki, sionist rejim ordusuna məxsus tanklar və buldozerlər kənd ərazisində irəliləyərək mülki əhali üçün təhlükə yaradıb. Yerli mənbələr qeyd edir ki, hərbi texnikanın kəndə daxil olması bölgədə gərginliyi artırıb və sakinlər arasında ciddi narahatlığa səbəb olub.

Mülki şəxs saxlanılıb

Hadisədən bir müddət əvvəl sionist rejim qüvvələrinin daha bir qanunsuz addımı qeydə alınıb. Qüneytirənin cənubunda yerləşən Ər-Rəfid və Əl-Məşidə kəndlərini birləşdirən yol üzərində qoyun otaran mülki şəxs sionist rejim hərbçiləri tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılan şəxs heç bir təhlükə yaratmadığı halda, işğalçı qüvvələr tərəfindən zorla aparılıb. Onun taleyi barədə hələlik rəsmi məlumat verilməyib.

Bu kimi hadisələr sionist rjeim ordusunun bölgədə mülki əhaliyə qarşı sərt və qanunsuz davranışlarının davam etdiyini göstərir. Yerli sakinlər isə beynəlxalq təşkilatları və BMT-ni baş verənlərə reaksiya verməyə çağırırlar.

Davam edən işğal və hücumlar

Qeyd edək ki, sionist rejimin bu cür təxribatları Suriyada əvvəlki rejimin 2024-cü il 8 dekabr tarixində süqutundan sonra daha da intensivləşib. Həmin dövrdə yaranmış təhlükəsizlik boşluğundan istifadə edən sionist rejim, Suriyanın cənub bölgələrində geniş əraziləri nəzarətə götürüb. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrinə, o cümlədən paytaxt Dəməşqə dəfələrlə hava zərbələri endirilib.

Bu hücumların ən pik nöqtəsi Dəməşqdə yerləşən Müdafiə Nazirliyinin binasının hədəf alınması olub. Rəsmi Dəməşq sionist rejimin bu addımlarını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir və dünya ictimaiyyətini məsuliyyət daşımağa çağırır.

Suriyanın cənubunda baş verən son hadisələr regionda vəziyyətin daha da gərginləşdiyini göstərir və İsrailin davam edən hərbi əməliyyatlarının regional təhlükəsizliyə ciddi təhdid yaratdığı vurğulanır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş