Netanyahu İsrail Katzı vəzifədən uzaqlaşdırmağı nəzərdən keçirir
İsrailin “İsrael Hayom” qəzeti yazır ki, baş nazir Benyamin Netanyahu təhlükəsizlik naziri İsrail Katzı vəzifədən çıxarmaq və onun yerinə xarici işlər naziri Qidion Saari gətirmək ehtimalını müzakirə edir. Bu məlumat hökumətin təhlükəsizlik blokunda gərginliyin zirvəyə çatdığı bir vaxtda yayılıb.
Xəbərə görə, Katz ilə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir arasında dərinləşən qarşıdurma hökumət daxilində narahatlığı artırıb və baş nazirin kadr dəyişikliklərinə yönəlməsinə səbəb olub.
Ayzenkot: “Bu, tam ağılsızlıqdır”
Keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot vəziyyəti sərt tənqid edərək baş verənləri “ağılsızlıq” adlandırıb:
“İsrail eyni anda dörd cəbhədə təhdidlə üz-üzədir: İran raket gücünü yenidən bərpa edib, Livan partlayış nöqtəsindədir, Qəzzada toqquşmalar davam edir, İordan çayının qərb sahili tam gərgindir. Belə bir vaxtda təhlükəsizlik nazirinin ordu rəhbərliyi ilə qarşıdurma yaratması məntiqsizdir.”
İsrail mediasının məlumatına görə, Netanyahu gərginliyi azaltmaq üçün bu gün həm Katzi, həm də Zamiri ayrıca görüşə çağırıb. Daha əvvəl onların birgə görüşə çağırılacağı bildirilsə də, iddialara görə Katz bu görüşdə iştirak etməkdən yayınmaq istəyib.
Mübahisənin əsası: 7 oktyabr araşdırması
Katzın 7 oktyabr 2023 hadisələrinə dair ordunun daxili araşdırmalarına aparılan xarici təftişin yenidən nəzərdən keçirilməsi barədə göstəriş verməsi böhranı daha da dərinləşdirib. O, əlavə olaraq ordudakı yüksək rütbəli təyinatları 30 gün müddətinə dondurub.
Baş Qərargah rəisi Zamir isə onu “siyasi müdaxilə” və “ordunun hazırlıq səviyyəsinə zərər vurmaq”da ittiham edərək bu addımlara qarşı çıxıb.
Hökumətdə böhran dərinləşir
Bu qarşıdurma Netanyahu hökumətində ciddi parçalanma siqnalları verib və siyasi müşahidəçilər yaxın günlərdə təhlükəsizlik portfelində dəyişiklik ola biləcəyini istisna etmirlər.
