Quru əməliyyatlarının əsas dayağı risk altındadır
İşğalçı rejimin Walla saytı yazır ki, işğalçı rejimin ordusu eyni vaxtda Qəzza, Livan, Suriya və İordan çayının qərb sahilində gərginliyə hazırlaşdığı bir dövrdə, quru əməliyyatlarının əsas elementlərindən biri olan tank və zirehli texnika sahəsində ciddi hazırlıq problemi yaşayır.
Mənbələrin bildirdiyinə görə, tank birləşmələri və “Namer” tipli zirehli personal daşıyıcıları hələ də 7 oktyabr 2023-cü ildən əvvəlki döyüş hazırlığı səviyyəsinə qayıda bilməyib.
“Bu, təkcə texniki problem deyil”
“Walla” vurğulayır ki, mövcud vəziyyət sadəcə texniki nasazlıqlarla məhdudlaşmır. Məqalədə qeyd olunur ki, zirehli texnika sahəsindəki boşluqlar sionist rejim ordusunun genişmiqyaslı müharibə ssenarilərinə cavab vermək qabiliyyətinə birbaşa təsir göstərə bilər.
Sionist rejim ordusundakı mənbələr bildirir ki, iki ildən artıq davam edən döyüşlərdən sonra tankların texniki vəziyyəti və xidmət səviyyəsi ciddi narahatlıq doğurur. Baxmayaraq ki, döyüşlər zamanı zədələnmiş texnikanın təxminən 90 faizi təmir olunub, onlarla döyüş maşını hələ də tam hazır vəziyyətə gətirilməyib.
Ehtiyat hissələri böhranı əvvəlcədən məlum idi
Saytın yazdığına görə, “Merkava” tankları və “Namer” zirehli maşınları üçün ehtiyat hissələri və mühərrik çatışmazlığı müharibədən əvvəl də məlum problem idi. Lakin büdcə məhdudiyyətləri səbəbindən bu risk “hesablanmış təhlükə” kimi qəbul edilib.
İndi isə bu qərarın nəticələri açıq şəkildə özünü göstərir və ordunun manevr qabiliyyətini zəiflədir.
Geriləmənin əsas səbəbləri
Hərbi mənbələr geriləmənin bir neçə əsas səbəbini göstərir. Ən başlıcası, fasiləsiz döyüş əməliyyatlarının yaratdığı kümülatıv aşınmadır. Quru manevrləri çərçivəsində texnikanın bir yarım milyon kilometrdən çox məsafə qət etməsi texniki resursları ciddi şəkildə tükədib.
Digər mühüm amil isə ehtiyat qüvvələrlə bağlıdır. Müharibənin əvvəlində ehtiyatda olan hərbçilər texniki xidmət və təmir işlərinə cəlb olunmuşdu. Lakin son aylarda ehtiyat günlərinin azaldılması nəticəsində bütün yük daimi heyətin üzərinə düşüb. Texnologiya və texniki xidmət bölmələrində çalışanların bir hissəsi artıq “tam tükənmiş” vəziyyətdədir.
Almaniya amili və strateji asılılıq
Məqalədə diqqət çəkən məqamlardan biri də Almaniyanın tətbiq etdiyi ixrac məhdudiyyətləridir. Bu qadağalar sionist rejim ordusunun strateji zəif nöqtəsini üzə çıxarıb: “Merkava” tanklarının mühərrikləri və transmissiya sistemləri də daxil olmaqla bir sıra həyati komponentlər sionist rejim kənarda istehsal olunur.
Bu asılılıq hazırkı şəraitdə ordunun döyüş hazırlığını bərpa etməsini daha da çətinləşdirir.
Genişmiqyaslı müharibə riski fonunda ciddi boşluqlar
Sionist rejim mediasının öz etirafı göstərir ki, işğalçı ordunun zirehli qüvvələri uzunmüddətli müharibə şəraitində ciddi aşınmaya məruz qalıb. Tank və zirehli texnikadakı bu zəifləmə, çoxsahəli münaqişə ssenarisində sionist rejim ordusu üçün ciddi risk amili kimi qiymətləndirilir.
