El-Xəlildə ardıcıl basqınlar
İordan çayının qərb sahilində fələstin torpaqlarını qanunsuz şəkildə zəbt edən sionist işğalçılar bölgənin müxtəlif ərazilərində fələstinlilərə və onların mülklərinə hücumlar təşkil ediblər. Xüsusilə qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil şəhərində vəziyyətin daha da gərginləşdiyi bildirilir.
Hıllət ən-Nəştə bölgəsinin sakini Sadiq İdris açıqlamasında bildirib ki, sionist işğalçılar əraziyə basqın edərək yerli əhalini evlərində qalmağa məcbur ediblər. Onun sözlərinə görə, hücumlar artıq ikinci gündür ki, davam edir.
İdris qeyd edib ki, bir gün əvvəl baş verən basqın zamanı oğullarından biri yüngül xəsarət alıb, ailənin evi daşlanıb, ətrafdakı bəzi tikililərə və torpaq sahələrinə ziyan dəyib. Hadisə zamanı bölgədə ciddi qorxu və təşviş yaşanıb.
Sionist rejim ordusunun müdaxiləsizliyi tənqid olunur
Yerlı sakinlər sionist rejim ordusunun hücumlar zamanı ərazidə mövcud olmasına baxmayaraq, sionist işğalçıların qarşısını almadığını bildiriblər. Sadiq İdris vurğulayıb ki, ordu qüvvələri ərazidə yerləşdirilsə də, hücum edənləri dayandırmaq üçün heç bir real addım atılmayıb.
Əl-Xəlil şəhərindəki şahidlər də çoxsaylı israilli işğalçıların şəhər mərkəzindəki Qədim Şəhər ərazisinə basqın etdiyini bildiriblər. Şahidlərin sözlərinə görə, sionist rejim ordusu bölgədə fələstinlilərin hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdırıb.
Hücumlar hər həftə təkrarlanır
Şahidlər qeyd ediblər ki, sionist işğalçılar demək olar ki, hər şənbə günü bu cür basqınlar təşkil edir. Həmin vaxtlarda sionis rejim ordusu bölgəyə geniş şəkildə yerləşdirilir və fələstinlilərin yaşayış yerləri ilə bağlı məlumatların işğalçılara ötürüldüyü iddia olunur.
Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, sionist işğalçıların Əl-Xəlildə Masafer Yatta bölgəsinə bağlı Fətih Sidra ərazisində bir fələstinlinin evinə zorla daxil olduğu bildirilib. Hücumları izləyən fəal Üsamə Məhəmira deyib ki, basqın zamanı evin ətrafındakı hasara, iki su quyusuna və bir su nasosuna zərər yetirilib, ev sakinləri təhqir olunub.
Digər bölgələrdə də hücumlar qeydə alınıb
Fələstin rəsmi radiosu “Fələstinin Səsi”nin məlumatına görə, İordan çayının qərb sahilinin mərkəzində, Ramallah şəhərinin qərbində yerləşən Şukba qəsəbəsində israilli işğalçılar bir idman meydançasına və yaxınlıqdakı bir evə basqın ediblər.
Bundan başqa, WAFA agentliyi israilli işğalçıların Nablus şəhərinin cənubundakı Burin kəndinə də hücum etdiyini, fələstinlilərin evləri arasında dolaşaraq təxribat xarakterli hərəkətlər etdiklərini bildirib.
Hücumların miqyası artır
Fələstin Azadlıq Təşkilatına bağlı Ayrım Divarı və Yəhudi Məskunlaşmaları ilə Mübarizə Şurasının məlumatına əsasən, təkcə noyabr ayı ərzində israilli işğalçılar fələstinlilərə və onların mülklərinə qarşı 621 hücum həyata keçirib.
2023-cü ilin oktyabrında Qəzza zolağına qarşı hücumların başlanmasından sonra işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də fələstinlilərə qarşı basqınlar, saxlanılmalar və zorakılıq hallarının artdığı bildirilir.
