Sionist Rejim Həbsxanalarında Daha Bir Fələstinli Əsir Həyatını İtirdi

2 Dəq Oxuma Müddəti

İsrail həbsxanalarında həyatını itirənlərin sayı artır

İsrail həbsxanalarında ağır və insanlıqdan kənar şəraitdə saxlanılan daha bir fələstinli əsir həyatını itirib. Fələstin Əsirlər Cəmiyyəti və Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Əsirlər və Azad Edilənlər Komitəsinin birgə açıqlamasında bildirilib ki, İsrail fələstinli əsirlərə qarşı sistematik şəkildə “öldürmə siyasətini” davam etdirir.

Açıqlamada qeyd olunur ki, Qəzza zolağında İsrail ordusu tərəfindən saxlanılan 69 yaşlı fələstinli əsir Kamil Məhəmməd Mahmud əl-Əcrəmi Negev həbsxanasında tutulduğu müddətdə səhhətinin pisləşməsi nəticəsində Soroka xəstəxanasında dünyasını dəyişib.

Qəzzadakı müharibədən sonra ölüm halları artıb

Məlumata görə, əl-Əcrəmi 25 oktyabr 2024-cü ildə İsrail ordusu tərəfindən Qəzza zolağında həbs olunmuşdu. Onun altı övladı olduğu bildirilir. Fələstin təşkilatlarının verdiyi məlumata əsasən, İsrailin 2023-cü ilin oktyabrında Qəzzaya hücumlara başlamasından bu yana həbsxanalarda ölən fələstinlilərin sayı 80-ə çatıb.

1967-ci ildən bəri İsrail həbsxanalarında həyatını itirən fələstinlilərin ümumi sayı 317 nəfərə yüksəlib. Həmçinin, İsrailin hazırda həbs etdiyi və geri qaytarmadığı fələstinli məhbus cəsədlərinin sayının 88 olduğu bildirilir.

“Yavaş öldürmə siyasəti”

Birgə bəyanatda qeyd olunur ki, İsrail həbsxanalarında saxlanılan fələstinlilər işgəncələrə, aclığa, tibbi baxımsızlığa və müxtəlif növ təhqirlərə məruz qalır. Bu vəziyyətin Qəzzada həyata keçirilən soyqırım siyasətinin bir uzantısı olduğu vurğulanır.

Açıqlamada əlavə edilib ki, İsrail ordusunun Qəzzada saxladığı və daha sonra azad etdiyi fələstinlilərin ifadələri dəhşətli şəraitin mövcudluğunu təsdiqləyir. Onların çoxu işgəncələr, cinsi zorakılıq və qəsdən tibbi yardımın gecikdirilməsi hallarını təsvir edib.

Fələstin Əsirlər Cəmiyyəti qeyd edib ki, hər ay azı bir fələstinli İsrail həbsxanalarında həyatını itirir. Bu fakt İsrailin “yavaş öldürmə siyasətini” sistematik şəkildə həyata keçirdiyini göstərir.

Beynəlxalq reaksiya çağırışı

Açıqlamada İsrail hakimiyyət orqanları əl-Acrəmin ölümünə görə məsuliyyət daşımaqda ittiham edilib. Beynəlxalq insan haqları təşkilatlarına müraciət edilərək, İsrail rəhbərliyinin fələstinli əsirlərə qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması tələb olunub.

Fələstin təşkilatları beynəlxalq ictimaiyyəti bu hallara göz yummamağa və İsrailin fələstinlilərə qarşı insanlıq əleyhinə cinayətlərinə son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş