Qəzzada atəşkəs pozuldu: mülki əhali hədəfə alındı
İsrailin Qəzzaya son hücumları atəşkəs rejiminin kobud şəkildə pozulmasına səbəb olub. Qəzza Mülki Müdafiə Xidmətinin sözçüsü Mahmud Basal çərşənbə günü açıqlayıb ki, son 12 saat ərzində İsrailin hava hücumları nəticəsində 100-dən çox fələstinli, o cümlədən 35 uşaq həlak olub.
Basal bildirib ki, Rəfahın mərkəzi və şimal hissələrində, eləcə də Qəzza şəhəri, Xan Yunis və Nuseyrat qaçqın düşərgələrində həyata keçirilən bombardmanlar evləri, çadırları və xəstəxana həyətlərini hədəf alıb.
“İsrail qüvvələri 12 saatdan az müddətdə Qəzzada dəhşətli qətliamlar törədib. Bu, xalqımıza qarşı davam edən cinayətlər silsiləsinə daha bir səhifə əlavə etdi,” – deyə Basal bildirib.
Ailələr məhv olub, yaralılar dağıntılar altında qalıb
Tibbi mənbələr bildirir ki, ölənlərin sayı arta bilər, çünki çoxsaylı yaralıların vəziyyəti ağırdır, onlarla insan isə dağıntılar altında qalıb. İsrailin hava zərbələrində Nuseyrat düşərgəsində bir ailənin 18 üzvü həlak olub.
Beynəlxalq ictimaiyyətin səssizliyi
Basal beynəlxalq ictimaiyyəti və vasitəçi ölkələri “qan tökülməsinə göz yummada” ittiham edib:
“Bu qətliamlar beynəlxalq vasitəçilərin və dünyanın gözü qarşısında baş verir. Onların səssizliyi insanlığın üz qarasıdır.”
O, dərhal və tam atəşkəs, humanitar dəhlizlərin açılması, sivillərin və tibbi personalın beynəlxalq müdafiəsi, həmçinin Qəzzanın dağıdılmış infrastrukturlarının bərpası üçün qlobal təşəbbüsə çağırıb.
ABŞ planı və pozulan razılaşma
Cari atəşkəs bu ayın əvvəlində Misirdə imzalanmış 20 maddəlik planın birinci mərhələsi çərçivəsində əldə edilmişdi. Bu plan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təqdim olunmuşdu və məqsədi iki ildir davam edən müharibəyə siyasi son qoymaq idi.
Lakin İsrail ordusu atəşkəsi dəfələrlə pozaraq hava hücumlarını davam etdirib, Tel-Əviv tərəfi isə məsuliyyəti HƏMAS-a yönəldib. HƏMAS isə iddiaları rədd edərək atəşkəsi pozanın İsrail olduğunu bildirib.
Qəzzada böhran dərinləşir
Qəzzada fəaliyyət göstərən humanitar təşkilatlar vəziyyətin fəlakət həddinə çatdığını, əhalinin ərzaq, su və dərman çatışmazlığından əziyyət çəkdiyini bildirirlər. Basal vurğulayıb ki, Qəzzada törədilən hər bir hücum sənədləşdirilir və bu cinayətlərin “tarix qarşısında cavabsız qalmayacağını” qeyd edib.
“Qəzzada baş verənlər insanlığın utancıdır. Dünyanın səssizliyi isə bu cinayətlərə şəriklikdir,” – deyə o əlavə edib.
