Sionist Nazir Fələstinli Məhbusların Edamını Tələb Etdi

2 Dəq Oxuma Müddəti

Ben-Qvir fələstinli məhbusların edamını tələb etdi

İsrailin təhlükəsizlik naziri və “Otzma Yehudit” partiyasının sədri İtamar Ben-Qvir fələstinli məhbusların edam edilməsini tələb edib. Nazir bu çağırışını fələstinli dustaqların işgəncəyə məruz qaldığı bir ziyarət zamanı səsləndirib.

Cümə günü şəxsi “Telegram” kanalında yayımladığı görüntülərdə Ben-Qvir İsrail bayrağı önündə, əlləri arxadan bağlı vəziyyətdə yerə uzadılmış bir qrup fələstinli məhbusun yanında çıxış edib. O, kameraya müraciət edərək deyib ki, məhbuslara minimal şərait yaradılıb, lakin bu kifayət deyil — onlar üçün “ölüm cəzası tətbiq edilməlidir”.

“Həbsxanalarda inqilab etmişik”

Ben-Qvir fələstinli məhbuslara qarşı tətbiq olunan sərt şərtlərlə öyünərək bildirib ki, onun rəhbərliyi dövründə həbsxanalar “yay düşərgəsindən cəza düşərgəsinə” çevrilib.

“Mən həbsxanalarda inqilabla qürur duyuram. Artıq orada gülümsəmələr yoxdur — biz onları silirik,” – deyə nazir bəyan edib.

O əlavə edib ki, onun siyasəti nəticəsində fələstinli məhbuslar qorxu içindədir və “terror hücumlarının sayı xeyli azalıb”.

Netanyahu koalisiyasına təhdid

Radikal çıxışları ilə tanınan Ben-Qvir bildirib ki, fələstinli məhbuslara ölüm cəzasını nəzərdə tutan qanun layihəsi yaxın zamanda İsrail parlamentində səsverməyə çıxarılmazsa, Baş nazir Benyamin Netanyahu hökumətinin koalisiyasına dəstəyini dayandıracaq. Knessetdə bu qanun layihəsinin gələn həftə müzakirəyə çıxarılacağı gözlənilir.

Bu ayın əvvəlində Ben-Qvir bəyan etmişdi ki, Qəzzada saxlanılan son 20 israilli girovun azad edilməsindən sonra “qanun layihəsinin gecikdirilməsi üçün artıq bəhanə qalmayıb”.

Fələstinli məhbuslara işgəncə iddiaları

Avqust ayında yayımladığı videoda Ben-Qvir həbsdə olan tanınmış fələstinli siyasi lider Mərvan Barqutini təhdid etmişdi. Fələstinli vəkillərin topladığı ifadələrə görə, İsrail həbsxanalarında məhbuslar sistematik işgəncələrə məruz qalır — döyülmə, aclıq, tibbi yardımdan məhrumetmə və digər amansız rəftar hallarına rast gəlinir.

Fələstinli Məhbuslar Cəmiyyətinin məlumatına əsasən, 2023-cü ilin oktyabrından — Tel-Əviv rejiminin Qəzza zolağına qarşı soyqırım xarakterli hücumlara başladığı vaxtdan bəri — İsrailin nəzarətində 80 fələstinli məhbus həyatını itirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş