İki ildən çox davam edən hücumlar Qəzzanın tarixi mirasını da hədəfə alıb
İsrailin Qəzza Zolağında yönəlik genişmiqyaslı hücumları yalnız mülki əhalini deyil, bölgənin dərin tarixi mirasını da məhv edib. Qəzza şəhərində Məmlük dövründə inşa olunan və əsrlərdir qorunan Paşa Sarayı, İsrail ordusunun hücumları nəticəsində demək olar ki, yerlə-yeksan olub və içərisindəki nadir arxeoloji əsərlər tamamilə talanıb.
Sarayın 1994-cü ildə — Oslo razılaşmasından əvvəl — İsrailin hücumları zamanı ciddi zərər gördüyü bilinsə də, son hücumlarda yaşanan dağıntı əvvəlkiləri dəfələrlə geridə qoyub. Son iki ildən artıq müddətdə davam edən müharibə dövründə təxminən 20 min nadir artefaktın İsrail qüvvələri tərəfindən oğurlandığı təsdiqlənib. Ardınca sarayın böyük hissəsi tamamilə dağıdılıb.
Hazırda texniki qruplar və işçilər primitiv vasitələrlə dağıntılar arasından qalan tarixi parçaları xilas etməyə çalışır.
Sarayın 70%-dən çoxu məhv edilib
İşğal altındakı Bəytiləhəm şəhərində yerləşən Mədəni İrsin Mühafizəsi Mərkəzinin mütəxəssisi Həmudə Dehdar bildirib ki, Paşa Sarayı Məmlük dövrünün (1250–1517) nadir arxitektura nümunələrindən biri olub və təxminən səkkiz əsrlik tarixə sahibdir.
Dehdarın sözlərinə görə, Israil hücumları nəticəsində sarayın 70%-dən çoxu məhv edilib. Saray Bizans, Roma və Osmanlı dövrlərinə aid yüzlərlə nadir arxeoloji parçanı özündə birləşdirirdi. O, əlavə edib ki, saray Oslo Anlaşması öncəsi hücumlarda da ciddi ziyan görmüş, daha sonra Fələstin rəhbərliyi tərəfindən bərpa edilərək muzeyə çevrilmişdi.
Hal-hazırda mədəni irs qrupları yerli qurumlarla birgə “təcili xilasetmə” layihəsi həyata keçirir. Məqsəd geriyə qalan artefakt parçalarını toplamaq və gələcəkdə bərpa edilə biləcək strukturları qorumaqdır.
316-dan çox tarixi tikili ya dağıdılıb, ya da zərər görüb
Fələstin Hökumətinin Media Ofisinin rəhbəri İsmayıl əs-Səvabiti bildirib ki, İsrail Qəzzadakı tarixi abidələri sistemli şəkildə hədəfə alır. Onun sözlərinə görə, rəsmi məlumatlarda 316-dan çox tarixi məkanın tam və ya qismən məhv edildiyi qeyd olunur.
Bu abidələrin bir qismi Məmlük və Osmanlı dövrlərinə, digərləri isə hicri birinci əsrə və Bizans dövrünə qədər uzanır.
Səvabiti, Paşa Sarayında 20 mindən çox nadir tarixi əsərin mövcud olduğunu, İsrail ordusunun sarayı işğal edib dağıtdıqdan sonra isə bu artefaktların “tamamilə yoxa çıxdığını” vurğulayıb. Onun sözlərinə görə, bir dənə belə əsərin tapılmaması tammiqyaslı talanın açıq sübutudur.
Qəzzanın ən dəyərli muzeylərindən biri idi
Paşa Sarayı uzun illər Qəzzanın ən böyük arxeoloji muzeyi kimi fəaliyyət göstərib və Fələstinin tarixi kimliyini təcəssüm etdirən ən mühüm abidələr arasında yer alıb. 2022-ci ildə Turizm və Qədim Əsərlər Nazirliyinin hazırladığı arxeoloji kataloqa əsasən, saray Məmlük memarlığının yüksək sənət estetikasını əks etdirən formalara malik idi. Giriş qapısındakı çift başlı aslan təsviri də Məmlük dövlətinin rəsmi simvollarından biri idi.
Saray iki əsas binadan və geniş daxili həyətdən ibarət idi. Giriş hissəsinin bəzəkli ulduz rozetləri, yarımdairə və sivri tağları dövrün sənət zövqünü əks etdirirdi.
Tarix boyunca müxtəlif adlarla tanınıb
Paşa Sarayı tarix boyunca fərqli siyasi mərhələlərdən keçdiyi üçün bir neçə adla anılıb:
-
Məmlük dövründə: Dâr əs-Saâdə
-
Osmanlı dövründə: Qəsr ər-Rizvan
-
1799-cu ildə Napoleonun hücumlarından sonra: Napoleon qalası
-
Osmanlı son dövründə: valilik mərkəzi
-
İngilis işğalı sonrası: polis qərargahı
-
Misir dövründə (1959–1967): Prenses Feryal Məktəbi
-
1952-dən sonra: Zəhra Qız Liseyi
Bu dəyişikliklər sarayın Qəzzanın minilliklər boyu keçdiyi siyasi və mədəni mərhələləri əks etdirdiyini göstərir.
