İşğalçı İsrail mediasından diqqətçəkən açıqlama
Sionist rejimin i24NEWS telekanalı ABŞ-ın Qərbi Asiya siyasətində iqtisadi və siyasi amillərin ön planda olduğunu bildirib.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın əsas hədəfi ölkədə keçiriləcək aralıq seçkilərinə qədər neft və yanacaq qiymətlərini aşağı səviyyədə saxlamaq, eyni zamanda İranla danışıqları yenidən bərpa etməkdir.
“Tramp prosesi təkbaşına idarə edir”
Sionist rejim Ordusunun radiosu isə ABŞ prezidentinin İranla bağlı bütün prosesi birbaşa idarə etdiyini və İsrailin bu prosesdə əvvəlki qədər rol oynamadığını iddia edib.
Məlumata görə, hazırkı mərhələdə Vaşinqton və Tehran arasında gedən proseslərdə əsas qərarlar ABŞ tərəfindən qəbul edilir.
Keçmiş nazirin açıqlaması
Sionist rejimin keçmiş naziri Naxman Şay bildirib ki, ABŞ-ın İrana qarşı müharibə planı olmayıb.
Onun sözlərinə görə, Vaşinqton daha çox İsrail tərəfindən təqdim olunan və İranda hakimiyyət dəyişikliyini nəzərdə tutan ssenarilər əsasında qiymətləndirmələr aparıb.
Livan məsələsi də gündəmdədir
Sionist rejim Ordusunun radiosunun məlumatına əsasən, Livandakı vəziyyət İsrail daxilində siyasi və hərbi baxımdan mürəkkəb müzakirələrə səbəb olur.
Bildirilib ki, İsrail əvvəlki qiymətləndirmələrlə müqayisədə Hizbullahın hərbi imkanlarının daha geniş olduğunu hesab edir.
Yeni zərbə ilə bağlı iddialar
Məqalədə xatırladılır ki, bir neçə gün əvvəl rejim mediası Tel-Əvivin İrana qarşı yeni hərbi əməliyyat keçirmək üçün Donald Trampdan razılıq almaq istədiyini yazmışdı.
Açıqlamalara görə, İsrail ABŞ-dan mümkün yeni zərbə üçün siyasi dəstək gözləyir, lakin hazırkı mərhələdə qarşıdurmanın əsas iştirakçıları ABŞ və İran olaraq qalır.

