Pxenyan NATO-nun qərarlarına etiraz etdi
Şimali Koreya Türkiyədə keçirilən NATO Zirvəsinin yekunlarını tənqid edərək ABŞ və alyans üzvlərini silahlanma prosesini sürətləndirməkdə günahlandırıb.
Şimali Koreyanın Xarici İşlər Nazirliyi bildirib ki, Pxenyan ölkənin suverenliyini, milli təhlükəsizlik maraqlarını və regional sabitliyi qorumaq üçün öz qanuni hüquqlarından istifadə etməyə davam edəcək.
NATO-nun hərbi qərarları tənqid olunub
Bəyanatda qeyd olunub ki, NATO Zirvəsində 50 milyard dollardan çox dəyərində hərbi və müdafiə sənayesi satınalmaları ilə bağlı razılaşmaların əldə olunması silahlanma yarışını daha da gücləndirir.
Şimali Koreya hesab edir ki, bu siyasət beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə deyil, qarşıdurmanın dərinləşməsinə xidmət edir.
Cənubi Koreya ilə bağlı açıqlama
Məqalədə qeyd olunur ki, Cənubi Koreya Prezidenti Li Ce Myon NATO Zirvəsi çərçivəsində Seulun alyans üzvləri ilə tədqiqat, inkişaf, yüksək texnologiyalar və silah istehsalı sahələrində əməkdaşlığı genişləndirmək istədiyini bildirib.
“NATO qarşıdurmaya xidmət edir”
Şimali Koreya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO geosiyasi maraqlar naminə fəaliyyət göstərən və müharibə ilə qarşıdurmanı təşviq edən hərbi blokdur.
Pxenyanın mövqeyinə görə, alyansın fəaliyyəti Avropa ilə yanaşı Asiya-Sakit okean regionunda da sülh və təhlükəsizliyə təhdid yaradır.

