Silahlanma Yarışı Davam Edir

1 Dəq Oxuma Müddəti

Avropa Müdafiə Agentliyi Aİ ölkələrinin müdafiə xərclərinin ətraflı təhlil olunduğu “2024–2025 Müdafiə Məlumatları” adlı hesabatını dərc edib.

Hesabatda bildirilir ki, 27 Aİ ölkəsinin ümumi müdafiə xərcləri 2024-cü ildə əvvəlki illə müqayisədə 19 faiz artaraq 343 milyard avroya çatıb. Bu rəqəm Aİ ölkələrinin ÜDM-nin 1,9 faizi həcmində olub.

Artımın əsas səbəbi rekord səviyyədə hərbi texnika alışı və tədqiqat–inkişaf sahəsinə yatırımların çoxalmasıdır.

Məlumata görə, 2024-cü ildə müdafiə yatırımları ilk dəfə 106 milyard avronu keçərək ümumi xərclərin 31 faizini təşkil edib. Bu göstərici məlumatların toplanmağa başlandığı dövrdən bəri ən yüksək səviyyədir.

Artım tendensiyasının 2025-ci ildə də davam edəcəyi gözlənilir. Proqnozlara əsasən, cari ildə müdafiə yatırımlarının 130 milyard avroya yaxınlaşacağı, ümumi müdafiə xərclərinin isə 381 milyard avro ilə rekord həddə çatacağı bildirilir. Bu, ÜDM-nin 2,1 faizi deməkdir.

Hesabatda qeyd olunub ki, dəyişən təhlükəsizlik mühitinə cavab olaraq Aİ ölkələri hərbi qabiliyyətlərini artırmağa, müdafiə və çəkindiricilik gücünü möhkəmləndirməyə yönəlmiş addımlar atır və bu məqsədlə silahlı qüvvələrə ayrılan xərcləri artırırlar.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş