“Əsas prioritet İsrail təcavüzünün dayandırılmasıdır”
Hizbullahın baş katibi Şeyx Nəim Qasim şənbə günü verdiyi açıqlamada hazırkı mərhələdə əsas prioritetlərin İsrailin təcavüzünün dayandırılması, işğal olunmuş ərazilərdən geri çəkilməsi, əsirlərin azad edilməsi və müharibənin dağıtdığı ərazilərin yenidən bərpası olduğunu bildirib.
Şeyx Qasim bu fikirləri general Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhid edilməsinin altıncı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib. O qeyd edib ki, İsrailin hücumlarını əsaslandıran və bu təcavüzün dayandırılması üçün heç bir təzyiq göstərməyənlər “böyük utanc” içindədirlər. Onun sözlərinə görə, Fələstin xalqına dəstək üçün heç olmasa informasiya və media təzyiqinin göstərilməməsi qəbuledilməzdir.
“Güclü ordu və müstəqil Livan istəyirik”
Şeyx Qasim vurğulayıb ki, Hizbullah güclü, azad və müstəqil Livan istəyir. Bu məqsədlə o, Livan milli ordusunun silahlandırılmasına çağırış edib. Bildirib ki, yalnız güclü ordu ölkəni düşmənlərdən qoruya və real suverenliyi təmin edə bilər.
Milli birlik və dialoq çağırışı
Livan daxili məsələlərinə toxunan Şeyx Qasim bütün livanlıları dialoqa və qarşılıqlı anlaşmaya çağırıb. O, düşmənlərə qarşı milli birliyin qorunmasının vacibliyini xüsusi vurğulayıb.
Eyni zamanda, Livanda parlament seçkilərinin vaxtında keçirilməsini, əmanətçilərin pullarının tam şəkildə geri qaytarılmasını və dövlət sektorunda çalışanların hüquqlarının bərpa edilməsini tələb edib.
“Müqavimət ABŞ-ı zalım, İsraili təcavüzkar hesab edir”
Şeyx Qasim Hizbullahın İranla münasibətlərini “tamamilə təbii” adlandırıb. Onun sözlərinə görə, hegemon güclər öz şərtlərini qəbul edənlərə diktə edir, İran isə heç bir qarşılıq gözləmədən dəstək verir. Qasim qeyd edib ki, İran bölgədə sabitliyin yaranmasında maraqlıdır.
O əlavə edib ki, xarici və bəzi regional qüvvələr iqtisadiyyata və siyasətə müdaxilə edir, məsul şəxslərin təyin olunmasına təsir göstərir və cəmiyyətlərin düşüncəsini dəyişməyə çalışır. İranın isə heç vaxt bu cür müdaxilələrə yol vermədiyini bildirib.
Şeyx Qasim vurğulayıb ki, müqavimət ABŞ-ı zalım və Livana qarşı təcavüzkar, İsraili isə açıq işğalçı kimi görür. Onun sözlərinə görə, işğala qarşı mübarizə və korrupsiyaya qarşı durmaq həm inanc, həm də milli maraq məsələsidir.
“Livan müqavimət modeli yaradıb”
Çıxışında Livanın müqavimət yolu ilə böyük nailiyyətlər əldə etdiyini deyən Şeyx Qasim ölkənin fədakarlıq və ləyaqət nümunəsi olduğunu bildirib. O, Fələstin uğrunda canını, ailəsini və hər şeyini fəda edən “ümətin şəhidlər rəhbərini” xüsusi qeyd edib. Həmçinin Yəmənin Fələstin məsələsində fədakar mövqeyini nümunə kimi göstərib.
“Şəhid Süleymaninin əsas hədəfi Fələstin müqaviməti idi”
Anım mərasiminə toxunan Şeyx Qasim Qasim Süleymaninin hərbi və siyasi baxımdan seçilən şəxsiyyət olduğunu bildirib. O qeyd edib ki, Süleymani yüksək hərbi bacarığa malik olub, daim hazırlıq və təlimə önəm verib.
Şeyx Qasim əlavə edib ki, Süleymani 1998-ci ildən Qüds Qüvvələrinin komandanı olub və əsas məqsədi Fələstin və regiondakı müqaviməti dəstəkləmək, ABŞ-ın planlarını iflasa uğratmaq idi. Onun sözlərinə görə, Əbu Mehdi əl-Mühəndis də İraqda “İŞİD dövləti” layihəsinin məğlub edilməsində mühüm rol oynayıb.
Şeyx Qasim çıxışını belə yekunlaşdırıb: “Biz Hac Qasim Süleymanini aramızda itirdik, lakin o, ABŞ zalımlığına qarşı mübarizədə şəhidlik zirvəsini qazandı”.
