Şeyx Qasimdən Ənsarullah liderinə başsağlığı
Livanın “Hizbullah” hərəkatının baş katibi Şeyx Nəim Qasim, “Ənsarullah” hərəkatının rəhbəri Seyyid Əbdülməlik əl-Husiyə Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əbdülkərim əl-Qəmarinin şəhid olması münasibətilə başsağlığı məktubu göndərib.
İsrailin Yəmən ərazisinə endirdiyi hava zərbəsi nəticəsində şəhid olan general Qəmari və onunla birgə həlak olan döyüşçülərin adını çəkən Şeyx Qasim, onların “ümmətin izzəti və dirənişin simvolu” olduğunu bildirib.
“Qəmari Qırmızı dənizdə Vaşinqtonun nüfuzunu sarsıtdı”
Şeyx Nəim Qasim mesajında qeyd edib ki, general Qəmari uzun illər ərzində Yəmən ordusuna böyük xidmətlər göstərib, Qəzzaya və onun əhalisinə dəstəyini əsirgəməyib:
“O, Qırmızı dənizdə amerikalıların hərbi hegemonluğunu sarsıtdı, sionistləri ciddi zərbələr altında saxladı və Yəmən xalqının qürurunu ucaltdı.”
Hizbullah rəhbəri əlavə edib ki, şəhidlərin qanı bölgə xalqlarını birləşdirən müqəddəs bağa çevrilib:
“Yəməndən Livana, İraqa və İrana qədər şəhidlərin qanı fələstinlilərin qanı ilə qarışıb. Bu, ümmətin qürurudur və dünyanın zülmkarlarına qarşı müqavimətin simvoludur.”
Yeni təyinat və gələcəyə ümid
Şeyx Qasim məktubunda eyni zamanda Yəmən Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi general Yusif Həsən əl-Mədaninin təyinatını da alqışlayıb. O, Mədaninin şəhid Qəmarinin yolunu davam etdirəcəyinə və “zəfər və izzət gətirəcək mübarizəni” davam etdirəcəyinə inamını ifadə edib.
İsrail hücumu və Yəmənin reaksiyası
Xatırladaq ki, ötən həftə Yəmən Silahlı Qüvvələri general Məhəmməd əl-Qəmarinin şəhid olduğunu rəsmən elan edib. İsrailin hücumu nəticəsində həlak olan Qəmari “Qüds yolunda şəhid” adlandırılıb.
Yəmən ordusu bəyan edib ki, “İsrail bu cinayətinin cavabını mütləq şəkildə verəcək” və Qəmarinin xatirəsinə sadiq qalaraq Qəzzaya dəstəyi davam etdirəcək.