İran: “4700 NATO bazası İsrailin hücumunu dəstəklədi”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Əli Məhəmməd Naeini bildirib ki, ötən ilin iyun ayında İsrailin İrana qarşı həyata keçirdiyi hücumda NATO-ya məxsus 4700 hərbi baza ona dəstək verib. O qeyd edib ki, həmin hücum geniş beynəlxalq koordinasiya ilə həyata keçirilsə də, İranın cavab əməliyyatı gözlənilənin əksinə olaraq maneəsiz icra olunub.
Naeini vurğulayıb ki, İran ordusunun raketləri “Sadiq Vəd 3” əməliyyatı zamanı İsrailin çoxqatlı hava müdafiə sistemini yararaq bütün hədəflərə dəqiq zərbələr endirib.
İsrailin tədqiqat və kəşfiyyat mərkəzləri vurulub
SEPAH sözçüsü xatırladıb ki, həmin vaxt İran tərəfindən İsrailə məxsus tədqiqat mərkəzləri, kəşfiyyat obyektləri və işğalçı rejimin yeganə neft emalı müəssisəsi də hədəf alınıb. Onun sözlərinə görə, hücum həm hərbi, həm də kəşfiyyat müstəvisində paralel şəkildə həyata keçirilib.
Naeini əlavə edib ki, əməliyyatla eyni vaxtda ölkə daxilində genişmiqyaslı kəşfiyyat fəaliyyəti aparılaraq İsrailə bağlı bütün şəbəkələr ifşa və zərərsizləşdirilib. O bildirib: “İran bu müharibədən təəccüblənməyib, belə bir hücumun baş verəcəyini əvvəldən gözləyirdi.”
“İranın gücü ilə bağlı yanlış təsəvvürlər dağıldı”
SEPAH rəsmisi açıqlamasında qeyd edib ki, İsrail İranın müdafiə imkanlarının zəiflədiyini düşünərək ölkəni bölmək məqsədilə hava zərbələri ilə sarsıdıcı nəticələr əldə etməyə çalışıb. Lakin İranın cavabı bu təsəvvürləri tamamilə puça çıxarıb.
Naeini deyib: “Sadiq Vəd əməliyyatı İsrailin yanlış hesablamalarını dağıtdı və dünyaya İranın real gücünü göstərdi. Düşmən geri çəkilməyə məcbur oldu.”
