SEPAH-dan müqavimət mesajı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ABŞ və sionist rejimin müqaviməti zəiflətmək və ya ləğv etmək planları dəfələrlə uğursuzluğa düçar olub və bundan sonra da düşmən üçün yalnız biabırçılıq və zillətlə nəticələnəcək.
Bu bəyanat müqavimət liderləri Seyid Həsən Nəsrullah, Seyid Haşim Səfiyəddin və şəhid general Abbas Nilfuruşanın xatirəsinə həsr olunub. SEPAH vurğulayıb ki, “müqavimət siyasi və ya təhlükəsizlik əməliyyatları ilə aradan qaldırıla biləcək bir qurum deyil. O, xalqların şüurunda kök salmış, hər gün güclənən bir kimlik və mədəniyyətdir”.
Nəsrullah və Səfiyəddin – müqavimətin simvolu
SEPAH-ın bəyanatında qeyd olunub ki, Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddin müqavimət cəbhəsini İslam ümmətinin izzətinin simvoluna, həm regional, həm də qlobal miqyasda strateji gücə çeviriblər.
Korpus həmçinin Hizbullah rəhbərliyinə, xüsusilə də Şeyx Nəim Qasimin cəsarətli və müdrik rəhbərliyinə tam dəstəyini ifadə edib. SEPAH vurğulayıb ki, Hizbullahın fəaliyyəti Livanın təhlükəsizliyinin qorunması və müqavimət xəttinin davamlılığı baxımından əvəzsizdir.
Müqavimət – ağlabatan yol
Bəyanatda əlavə olunub ki, İran və region ölkələrinin təhlükəsizliyi heç vaxt siyasi sövdələşmələrdən və ya psixoloji təzyiqlərdən qaynaqlanmayıb, bu günkü izzət və sabitlik məhz döyüş meydanında canını fəda edən müqavimətçilərin qurbanlarının bəhrəsidir.
“Tarixi təcrübə və hazırkı reallıqlar göstərir ki, fəal və ağıllı müqavimət istibdada və qlobal sionizmə qarşı ən təsirli seçimdir. Hər hansı geri çəkilmə və ya alçaldıcı razılaşmalara bel bağlamaq düşməni daha da cəsarətləndirəcək”, – deyə bəyanatda bildirilib.
İsrailin iflası və Qəzzada uğursuzluqlar
SEPAH bəyan edib ki, işğalçı İsrailin artan cinayətləri və hücumlarına baxmayaraq, müqavimət cəbhəsinin dirənişi davam edir. Qəzzada iflasa uğrayan rejim müqavimət atəşini söndürə bilmir.
Bu mesaj, həm region xalqlarına, həm də dünya ictimaiyyətinə ünvanlanan bir siqnal kimi dəyərləndirilir: müqavimət müvəqqəti taktika deyil, uzunmüddətli strateji yol xəritəsidir.