SEPAH Fars Körfəzində İki Günlük Hərbi Dəniz Təliminə Başlayır

3 Dəq Oxuma Müddəti

“Şəhid Məhəmməd Nəzəri” təlimi Fars körfəzini əhatə edəcək

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri ölkənin cənubundakı Fars körfəzi akvatoriyasında yeni hərbi-dəniz təliminə başlayır. İki gün davam edəcək manevrlər SEPAH-ın müxtəlif dəniz bölmələrinin iştirakı ilə keçiriləcək.

Təlim “Şəhid Məhəmməd Nəzəri” kod adı ilə cümə axşamı start götürəcək və Fars körfəzi sularını, Nazeat (İranın Fars körfəzi hövzəsində müəyyənləşdirdiyi xüsusi dəniz patrul və əməliyyat bölgəsinin adıdır.) dəniz zonasını, həmçinin Əbu Musa, Böyük Tunb, Kiçik Tunb və Siri adalarını, Hörmüz boğazını və Oman dənizini əhatə edəcək.

Manevrlərdə sürətli katerlər, xüsusi təyinatlı dənizçilər, çimərlik əməliyyatları, sahil-müdafiə elementləri və müxtəlif növ dəniz müşahidə-sənayed sistemlərinin sınaqdan keçiriləcəyi gözlənilir.

Məhəmməd Nəzəri kim idi?

Təlimə adını verən Şəhid Məhəmməd Nəzəri, SEPAH Dəniz Qüvvələrinin elit komando bölmələrinin komandiri olub. O, İranda xüsusən 2016-cı il yanvarın 12-də baş verən insidentlə tanınır.

Həmin gün 9 kişi və 1 qadından ibarət 10 amerikalı dənizçi Fars körfəzində İranın Farsi adası yaxınlığında İranın ərazi sularına daxil olduqdan sonra SEPAH tərəfindən saxlanılmışdı. Farsi adası 1980-ci illərdən bəri SEPAH-ın sürətli kater bazalarından biri kimi istifadə edilir.

Nəzəri bu əməliyyatda birbaşa iştirakı və əməliyyatın idarə olunmasındakı rolu ilə SEPAH daxilində və İran ictimaiyyətində tanınmış fiqura çevrilmişdi.

Şərqi Azərbaycanda SCO üzvlərinin birgə antiterror təlimi

SEPAH hazırda yalnız dənizdə deyil, quruda da genişmiqyaslı beynəlxalq təlimə ev sahibliyi edir. İranın Şərqi Azərbaycan bölgəsində SEPAH Quru Qoşunları tərəfindən “Səhənd-2025” adlı birgə antiterror təlimi keçirilir.

Təlimə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv ölkələrindən olan hərbi kontingentlər qatılıb. “Səhənd-205” kod adlı bu təlim bazar ertəsi Şəbüstər rayonunda yerləşən İmam Zaman Mexanikləşdirilmiş Briqadasının əməliyyat zonasında başlayıb və 5 dekabr tarixinədək davam edəcək.

ŞƏT hazırda dünyada ərazi və əhali baxımından ən böyük regional təşkilatlardan biridir. Təşkilatın üzvləri bunlardır: İran, Çin, Rusiya, Hindistan, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan.

2023-cü ilin iyulunda İranın təşkilata tamhüquqlu üzvlüyü rəsmən təsdiqlənib. Bu təlim Tehranın ŞƏT çərçivəsində təhlükəsizlik və hərbi əməkdaşlığa verdiyi önəmin praktiki nümunəsi kimi dəyərləndirilir.

İranın mesajı: dəniz və quru cəbhəsində eyni vaxtda güc nümayişi

Fars körfəzində “Şəhid Məhəmməd Nəzəri” təlimi ilə yanaşı, Şərqi Azərbaycanda keçirilən “Səhənd-2025” birgə antiterror manevrləri Tehranın həm regiondaxili, həm də beynəlxalq təhlükəsizlik arxitekturasındakı rolunu ön plana çıxarır.

Dənizdə SEPAH-ın hazırlıq səviyyəsini, Hörmüz boğazı və Oman dənizi kimi strateji sulara nəzarət imkanlarını nümayiş etdirməsi, quruda isə ŞƏT çərçivəsində əməkdaşlığa ev sahibliyi etməsi İranın hər iki müstəvidə eyni anda güc nümayiş etdirmək niyyətini ortaya qoyur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş