Şarm əl-Şeyx Sınağı: İran Masada Olacaqmı, Yoxsa Oyunu Kənardan İzləyəcək?

3 Dəq Oxuma Müddəti

İran üçün çətin seçim: iştirak və ya boykot

ABŞ-ın İranı Şarm əl-Şeyxdə keçiriləcək sammitə dəvət etməsi regionda geniş siyasi müzakirələrə səbəb olub. Qəzza ilə bağlı razılaşma fonunda baş tutacaq bu görüşdə İranın mövqeyi həm daxildə, həm də beynəlxalq səviyyədə diqqət mərkəzinə çevrilib.

Ekspertlərin fikrincə, Tehran üçün bu qərar sadəcə diplomatik addım deyil, həm də regional nüfuzunun təsdiqi baxımından strateji seçimdir.

İştirakın mümkün üstünlükləri

İranın sammitdə iştirakı bir sıra siyasi və diplomatik üstünlüklər qazandıra bilər. Əvvəla, bu addım illərlə gərgin olan Vaşinqton–Tehran münasibətlərində dolayısı ilə yeni dialoq kanalının açılmasına şərait yarada bilər.

Eyni zamanda, iştirak İranın regionda əsas güc mərkəzi kimi rolunu bir daha nümayiş etdirməsinə imkan verəcək. Sammitdə iştirak həm də Tehran ilə Qahirə arasında uzun illərdir pozulmuş diplomatik münasibətlərin bərpası istiqamətində müsbət siqnal ola bilər.

Bununla yanaşı, İranın masada olması Qəzza və digər regional məsələlərdə onun söz sahibinə çevrilməsini gücləndirə bilər.

Risklər və daxili təzyiqlər

Bununla belə, iştirak qərarı bir sıra risklər də daşıyır. İranda bəzi siyasi dairələr sammitdə iştirakı ABŞ-la dolayı yolla “normallaşma” kimi qiymətləndirə bilər. Bu isə daxildə ciddi narazılıq doğura bilər.

Eyni zamanda, İranın regionda özünü təhdid kimi görən dövlətlərlə eyni masada əyləşməsi diplomatik manevr imkanlarını məhdudlaşdıra bilər. Əgər sammit konkret nəticə olmadan yalnız formal bəyanatlarla yekunlaşarsa, Tehran üçün bu iştirak mənasız görünə bilər və Vaşinqton bu vəziyyətdən siyasi fayda götürər.

Boykot – prinsipial mövqe, amma itirilən fürsət

Digər tərəfdən, sammiti boykot etmək Tehranın ABŞ-ın region siyasətinə qarşı prinsipial mövqeyini qoruduğunu göstərə bilər. Bu addım İranın xarici siyasət kursuna uyğun olaraq, müstəqil qərar qəbul etdiyini nümayiş etdirər.

Lakin bu seçim də siyasi nəticələrdən azad deyil. Sammitə qatılmamaq İranın regiondakı müzakirələrdə birbaşa təsir imkanlarını azalda bilər. Üstəlik, Qəzzadakı hadisələr fonunda sammitdə iştirak etməmək, Tehranın bu proseslərdən kənarda qaldığı təəssüratını yarada bilər.

Trampın siyasi məqsədi və İranın cavabı

ABŞ Prezidenti Donald Trampın sammiti öz siyasi imici üçün bir uğur kimi təqdim etməyə çalışdığı da diqqətdən qaçmır. Bu səbəbdən İranın boykotu, Vaşinqtonun bölgədə “barış təşəbbüskarına” çevrilməsi ssenarisinə mane ola bilər.

Nəticə: İran istəsə də, istəməsə də oyundadır

Müşahidəçilərin yekdil qənaətinə görə, Tehran sammitdə iştirak etsin və ya etməsin, regionun əsas oyunçularından biri olaraq gündəmin mərkəzində qalacaq.

İranın güclü regional təsir gücü, diplomatik manevr imkanları və strateji mövqeyi onu bölgə balansının dəyişməz hissəsinə çevirib. Beləliklə, Tehran masada otursa da, uzaq dursa da, Yaxın Şərq tənliyində onun adı onsuz da var.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş