Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) İranda baş verən son faciəvi hadisələrin mülki əhali və təhlükəsizlik qüvvələri arasında insan tələfatına, eləcə də mülki infrastrukturun dağıdılmasına səbəb olduğunu bildirərək ciddi narahatlıq ifadə edib.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) İran İslam Respublikasındakı son proseslərlə bağlı yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, ölkədə son dövrdə baş verən faciəvi hadisələr həm mülki əhali, həm də təhlükəsizlik qüvvələri arasında itkilərə, mülki infrastrukturun zədələnməsinə yol açıb və bu vəziyyət ciddi narahatlıq doğurur.
ŞƏT baş verən insan tələfatı və dağıntılar səbəbilə İran xalqına və İran İslam Respublikası Hökumətinə dərin hüznlə başsağlığı verib.
Açıqlamada İrana qarşı tətbiq olunan birtərəfli sanksiya tədbirlərinin ölkənin iqtisadi sabitliyinə ciddi mənfi təsir göstərdiyi vurğulanıb. Bu sanksiyaların əhalinin yaşayış şəraitini pisləşdirdiyi, eyni zamanda İran Hökumətinin ölkənin sosial-iqtisadi inkişafını təmin etməyə yönəlmiş tədbirləri həyata keçirmək imkanlarını faktiki olaraq məhdudlaşdırdığı bildirilib.
ŞƏT İran İslam Respublikasının daxili işlərinə müdaxiləyə açıq şəkildə qarşı çıxdığını bəyan edərək, təşkilatın dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq münasibətlərdə gücdən istifadə etməmək və ya güc tətbiqi ilə hədələməmək prinsiplərinə sadiq qaldığını qeyd edib.
Təşkilat İrandakı mövcud vəziyyətin dinc yollarla həll edilməsi üçün siyasi və diplomatik üsullardan istifadəyə çağırıb.
