Şamxani: İsrail və ABŞ-ni Ayrı-Ayrı Tərəflər Hesab Etmirik

3 Dəq Oxuma Müddəti

Nüvə materiallarının ölkədən çıxarılmasına ehtiyac yoxdur

İran Ali Milli Müdafiə Şurasında ali rəhbərin nümayəndəsi Əli Şamxani “Əl-Məyadin” telekanalına açıqlamasında bildirib ki, İranda mövcud olan zənginləşdirilmiş nüvə materiallarının ölkə xaricinə çıxarılması üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, İran istənilən vaxt zənginləşdirmə səviyyəsini 20 faizə endirə bilər və bu səbəbdən mürəkkəb, çoxpilləli mexanizmlərə ehtiyac qalmır.

Şamxani vurğulayıb ki, sözügedən materiallar hərbi məqsədlər üçün istehsal edilməyib və İranın bu istiqamətdə heç bir niyyəti yoxdur.

“Nüvə proqramımız sülhməramlıdır”

Şamxani İranın nüvə proqramının tamamilə sülhməramlı xarakter daşıdığını qeyd edərək bildirib ki, ölkənin bu sahədəki imkanları daxili potensiala əsaslanır. O əlavə edib ki, hazırda 60 faiz səviyyəsində olan zənginləşdirmə istənilən halda 20 faizə endirilə bilər, lakin bunun üçün qarşı tərəf siyasi və iqtisadi məsuliyyət daşımalıdır.

Onun sözlərinə görə, İran nüvə fəaliyyətini beynəlxalq hüquq çərçivəsində davam etdirir və bu proqram ölkənin müstəqil elmi-texnoloji inkişafının tərkib hissəsidir.

ABŞ-ın bölgədəki mövcudluğu İsrail üçündür

Şamxani açıqlamasında ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğuna da toxunub. O bildirib ki, amerikalıların bölgədə yerləşdirilməsi birbaşa İsrailin müdafiəsinə xidmət edir. İran rəsmisi qeyd edib ki, bu siyasət bölgədə gərginliyi artırır və sabitliyə xidmət etmir.

“47 ildə heç bir müharibəni biz başlatmamışıq”

Əl-Məyadinin suallarını cavablandıran Şamxani deyib ki, İslam İnqilabından keçən 47 il ərzində İran heç vaxt müharibəyə başlayan tərəf olmayıb və bu siyasəti dəyişmək niyyətində deyil. Onun sözlərinə görə, İran yalnız müdafiə mövqeyindən çıxış edir və öz təhlükəsizliyini qorumaqda qərarlıdır.

Müqavimət mövqeyi və ABŞ-ın hegemonluğu

Şamxani ABŞ-ın bölgədə hegemonluq siyasətini tənqid edərək bildirib ki, bu yanaşma sona çatmalıdır. O qeyd edib ki, İrana qarşı təzyiqlərin və hücumların əsas səbəbi Tehranın müqavimət mövqeyində dayanmasıdır. Şamxani vurğulayıb ki, İran bundan sonra da müqavimət hərəkatlarını dəstəkləməkdə davam edəcək.

“ABŞ və İsrail ayrılmazdır”

İran rəsmisi xüsusi olaraq qeyd edib ki, Tehran ABŞ və İsraili bir-birindən ayrı tərəflər kimi görmür. Onun sözlərinə görə, ABŞ-ın hər hansı hücumu İsrailin də bu hücumda tərəf olması anlamına gələcək. Şamxani bildirib ki, belə bir halda İranın cavabı qaçılmaz olacaq və İsrail mütləq şəkildə cavab hədəfinə çevriləcək.

Danışıqlar üçün şərtlər

Şamxani danışıqlar mövzusuna da toxunaraq bildirib ki, əgər proses iki əsas şərtlə – təhdidlərdən imtina və qeyri-məntiqi tələblərin dayandırılması ilə başlasa, görüşlərin keçirilməsi mümkündür.

Yalnız nüvə mövzusu

O əlavə edib ki, İran üçün danışıqların əsas və yeganə mövzusu nüvə məsələsidir. Şamxaninin sözlərinə görə, ABŞ tərəfi də əsas müzakirə predmetinin nüvə olduğunu qəbul edib və bu çərçivədən kənara çıxmaq qəbuledilməzdir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş